Azadlıq Hərəkatçıları Birliyindən, Bakı, Azərbaycan
10 sentyabr 2012, 09:55
Möhtərəm Prezident!
Azərbaycan Ordusunun zabiti, Macarıstanda həbsdə olan Ramil Səfərovun ölkəmizə ekstradisiya edilməsi və Sizin Sərəncamınızla cəzasının çəkilməmiş hissəsindən əfv olunaraq azadlığa buraxılması xəbəri hər bir azərbaycanlı və Azərbaycanı sevər hər kəs kimi Azadlıq Hərəkatçıları Birliyinin üzvlərinin də hədsiz sevincinə səbəb olmuşdur. Bu fakt sadəcə cəza almış bir məhbusun əfv edilməsi deyil, Azərbaycan dövlətinə, onun rəmzi olan dövlət bayrağına əsl sədaqət nümayiş etdirmiş, ədalətsizliklə üzləşərək ən ağır cəza ilə məhkum edilmiş bir Vətən oğlunun haqqının özünə qaytarılması anlamına gəlməlidir. Məhz bu baxımdan Ramil Səfərovun Prezident tərəfindən əfv edilərək azadlığa buraxılması həm ədalətin bərqərar olunması kimi hüquqi əhəmiyyətə, həm də dövlət atributuna sadiqliyin bariz nümunəsi kimi mühüm siyasi əhəmiyyətə malikdir. Dünya erməni lobbisinin, həmçinin, ermənipərəst siyasi güclərin bu fakta necə münasibət bəsləyəcəyindən asılı olmayaraq, bütün baş verəcəkləri göz önünə gətirərək əfv Sərəncamı imzalamağınızla Siz özünüzün və başçılıq etdiyiniz dövlətin sözün əsl mənasında müstəqil və qətiyyətli mövqeyini bir daha nümayiş etdirməklə yanaşı, həm də hər bir Azərbaycan vətəndaşının hüququnun qorunması ilə bağlı içdiyiniz anda sadiq qaldığınızı təsdiqləmiş oldunuz.
Bütün həyatını Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş insanların təşkilatı olan Azadlıq Hərəkatçıları Birliyi bu münasibətlə Sizə minnətdarlıq hissini ifadə etməyi özünə borc bilməklə, bütün Azərbaycan xalqına, xüsusilə Ramil Səfərova, onun ailə üzvlərinə, yaxınlarına göz aydınlığı verir və bu qələbənin qarşıdakı daha möhtəşəm qələbələrə başlanğıc olmasını ulu Tanrıdan diləyir.
Eyni zamanda Azadlıq Hərəkatçıları Birliyi həm Ermənistan rəhbərlərinin, həm də bu ölkənin müasir beynəlxalq qurumlara meydan oxuma siyasətinə seyrçi münasibət bəsləyən bəzi siyasilərin baş vermiş olaya qeyri-normal münasibətini qətiyyətlə pisləyir. Xocalı soyqırımı kimi bəşər tarixində misli olmayan bir faciəyə göz yuman, bu faciənin törədilməsində fəal iştiraklarını özləri etiraf edən Köçəryan, Sarkisyan kimi şəxslərin dövlət başçısı olmalarını normal qarşılayan belə siyasilərin Azərbaycan bayrağını təhqir etdiyinə görə bir erməni əsgərini cəzalandıran Azərbaycan vətəndaşının öz ölkəsinə verilməsi və azadlığa buraxılması faktına qeyri-normal yanaşması, əslində, onların iç üzünün ortaya qoyulması kimi qəbul edilməlidir. Anlamaq mümkün deyil ki, 9-10 yaşlı Azərbaycan uşaqlarını snayperlə, içərisinə partladıcı maddə qoyulmuş oyuncaqla vəhşicəsinə qətlə yetirən erməni əsgərlərinin heç bir insanlıq normalarına sığmayan vəhşiliklərinə göz yuman belə siyasilər nədən bütün beynəlxalq normalara uyğun atılmış bu humanist addım barədə təşvişlə danışırlar?! Azadlıq Hərəkatçıları Birliyi dini, irqi və milli ayrı-seçkilik mövqeyi əsasında indiki sivil dünyada ölkələrin siyasətlərinin qurulmasını bütün bəşəriyyətin gələcəyi üçün təhlükəli meyl kimi dəyərləndirir və bunu qətiyyətlə pislədiyini qeyd edərək, Azərbaycan hakimiyyətinin Vətən, Xalq və Dövlətçilik naminə atdığı hər bir addımda onunla birlikdə olduğunu bir daha bəyan edir.
Dərin hörmətlə,
T.Y.Novruzov,
“Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.