Hikmət Cavadovdan, Kiyev, Ukrayna
11 sentyabr 2012, 10:00
Çox hörmətli Prezident,
“Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının müddəalarına görə bu müqavilənin iştirakçısı olan istənilən dövlət öz Konstitusiyasına, yaxud digər hüquqi aktlarına uyğun olaraq verilmiş şəxsi əfv edə, onun barəsində amnistiya tətbiq edə və cəzasını azalda bilmə kimi müstəsna səlahiyyətlərinizdən istifadə edərək böyük humanistlik göstərib Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun öz doğma Vətəninə ekstradisiyasına nail olmağınız, elə həmin gün Sərəncamınızla onu əfv etməyiniz Ukraynada yaşayan azərbaycanlıları çox sevindirmişdir.
Sizin bu qərarınız, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, dövlətimizin öz vətəndaşını qoruyacağı əzmini bir daha təsdiq edir, Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımızın dövlətçiliyimiz uğrunda mübarizəsində daha böyük əminlik yaradır.
Ukraynada yaşayan azərbaycanlılar dövlətçilik prinsiplərimizin və milli maraqlarımızın qələbəsi üçün düşmənlərimizə qarşı reallaşdıracağınız məsuliyyətli və şərəfli fəaliyyətinizdə hər zaman Sizin yanınızda olacaqlar!
Sizə bu tarixi missiyanızda yeni-yeni uğurlar arzulayırıq!
Dərin hörmət və ehtiramla,
Hikmət Cavadov,
Ukrayna Azərbaycanlıları Konqresinin sədri.
Ukrayna, Kiyev.