İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
05 iyul 2023, 12:05
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edən Prezident İlham Əliyev ona fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Azərbaycana dövlət səfərini ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin nümunəsi kimi qiymətləndirdi.
Təbrikə görə minnətdarlığını bildirən Hakan Fidan həm çalışdığı əvvəlki vəzifələrdə, həm də hazırda xarici işlər naziri kimi Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərinin inkişafını daim rəhbər tutduğunu qeyd etdi, Türkiyənin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvət olunmasına görə təşəkkürünü bildirdi.
Türkiyənin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə dövlətimizin başçısını təbrik etdi və bununla da ölkəmizin çox önəmli prosesə rəhbərlik etdiyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının təsisatlanması prosesində ölkəmizin gördüyü işlər, həmçinin sədrlik prosesi barədə məlumat verdi.
Söhbət zamanı regional məsələlərə dair fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində gedən proseslər barədə danışdı.
Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik zəminində, “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin daim bir-birinin yanında olduqları qeyd edildi.