Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Cozef Baydenə
04 iyul 2023, 11:00
Hörmətli cənab Prezident.
Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir.
Enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımız məmnunluq doğurur. Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləmişdir. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-ın hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk.
Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk.
Hörmətli cənab Prezident, bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Fürsətdən istifadə edərək bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyul 2023-cü il