Əsgər anasından, Astara, Azərbaycan
25 iyun 2023, 13:13
Çox hörmətli cənab Prezidentimiz!
Siz çıxışlarınızın birində qeyd etmisiniz: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun rifahı, onun sağlamlığıdır”. Mən bu günlərdə bir daha bunun əyani şahidi oldum və elə bu məktubu da ona görə yazıram.
Azərbaycan xalqının xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu biz bütün dövrlərdə müdafiə etmişik. Bu gün Sizin həyata keçirdiyiniz müdrik daxili və xarici siyasəti başa düşür və müdafiə edirik. Azərbaycanda sabitlik və dayanıqlı inkişaf Heydər Əliyev siyasi kursuna sədaqətinizin və zəhmətinizin nəticəsidir.
Möhtərəm cənab Prezidentimiz!
Mənim oğlum Rzayev İmaməli Əbdülhəsən oğlu ailəmizin yeganə övladıdır. Nikahdan 17 il sonra Tanrı onu ailəmizə bəxş edib. Övladım 2023-cü ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb, N saylı hərbi hissədə gənc əsgər olaraq təlim keçib, mayın 12-də hərbi and qəbul edərək xidmətə başlayıb.
Mən bu yaxınlarda övladımla görüş üçün N saylı hərbi hissəyə getdim. Hərbi hissədə yüksək intizamın şahidi oldum. Övladımın təlim və tərbiyəsi ilə peşəkar hərbçilərin məşğul olduğunu, yeməyinin, geyiminin, asudə vaxtının və sağlamlığının ciddi nəzarət altında saxlanıldığını gördüm. Xidmət üçün ən yüksək şərait yaradılıb. Hərbi hissədə ciddi və tələbkar komandanlıq mövcuddur.
Çox hörmətli cənab Prezidentimiz!
Siz xalqımıza Zəfər bəxş etmisiniz, Müzəffər Ali Baş Komandanımızsınız.
Övladımın xidmət etdiyi hərbi hissədə yaradılmış şəraitə görə şəxsən öz adımdan, ailəmiz adından və ünsiyyətdə olduğum insanların adından Sizə böyük minnətdarlığımı bildirirəm. Əmin ola bilərsiniz ki, tələb və göstərişləriniz hərbi hissədə tam yerinə yetirilir.
Tanrı Sizi və ailənizi qorusun, çətin, şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə kömək olsun.
Hörmətlə,
Rzayeva Sevda Məmmədağa qızı, əsgər anası.
Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.