Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün bəyanatları
13 iyun 2023, 14:11
Prezident İlham Əliyevin bəyanatı
-Əziz Qardaşım, hörmətli Cümhurbaşqanı.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, əziz Qardaşım, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana, Vətəninizə xoş gəlmisiniz.
Sizi Cümhurbaşqanı seçkilərində qazandığınız qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm. Şadam ki, bu qələbədən iki həftə sonra Siz Azərbaycana dövlət səfərinə gəlmisiniz.
Seçkilərdə Sizin qələbəniz 20 ildən çox müddət ərzində apardığınız siyasətin Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. Sizin liderliyinizlə qardaş Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya çapında böyük güc mərkəzinə çevrilmişdir. İstər xarici siyasət sahəsində, istər daxili siyasət sahəsində fəaliyyətiniz Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir. Sizin qələbəniz Azərbaycan xalqını da çox mutlu etmişdir.
Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm də heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir. Yəni, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.
İki gündən sonra biz Şuşa Bəyannaməsinin ikinci ildönümünü qeyd edəcəyik. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Təbii ki, bizim gələcək işbirliyi proqramımız bu gün müzakirə olunan məsələlər arasındadır. Bütün sahələrdə konkret proqramlar əsasında işlər gedir. İlk növbədə, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Bu gün, eyni zamanda, müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında danışdıq. Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük. Bu dəstəyə görə də Sizə özəlliklə təşəkkürümü bildirmək istəyirəm.
Bugünkü dünyada güc amili ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq.
Məmnunluq hissi ilə qeyd etdik ki, ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində fəal əməkdaşlıq edirik.
Təbii ki, hər dəfə görüşəndə biz nəqliyyat məsələlərini də geniş müzakirə edirik. İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə biz Azərbaycanda nəqliyyat və logistika imkanlarımızı genişləndiririk. Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir.
Biz, eyni zamanda, Zəngəzur dəhlizinin tezliklə açılması haqqında fikir mübadiləsi apardıq, bu məsələni müzakirə etdik. Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.
Müzakirə olunan məsələlərdən biri də təhsil sahəsi ilə bağlıdır. Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar indi son mərhələdədir. Biz çox ümid edirik ki, yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir.
Bir sözlə, qeyd etdiyim bütün bu və digər məsələlərlə, - çünki gündəliyimiz kifayət qədər genişdir, - bağlı fikir birliyi, vəhdət, mövqe birliyi var, belə də olmalıdır. Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir. Əminəm ki, gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir.
Əziz qardaşım, gəldiyinizə görə bir daha təşəkkür edirəm. Vətəninizə xoş gəlmisiniz!
X X X
Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı
- Hörmətli cənab Prezident, əziz Qardaşım.
Əvvəlcə, hörmətli mətbuat nümayəndələrinə bir daha bildirirəm ki, Prezident üsul-idarəsinin ikinci dönəmində 86 faizlik iştirak səviyyəsi ilə keçirilən budəfəki seçki dünyada müstəsna deyə biləcəyimiz bir seçki olmuşdur. Bu seçkidən də millətimin iradəsi ilə qalib çıxmaq, yenidən ilk səfərimizi Şimali Kiprə və həmin gün Bakıya gələrək burada gerçəkləşdirmək bizi son dərəcə məmnun etmişdir. Biz öz evimizdəyik və indi burada mətbuata bəyanatla çıxış edirik.
İlham qardaşım, nazirlərin bu gün qarşılıqlı keçirdiyi iclasları olduqca gözəl bir şəkildə ümumiləşdirdi. Bununla yanaşı, hansı sahələrdə nələr etdik, nələri edirik, təkbətək görüşdə də bunları ətraflı müzakirə etdik. Prezident Əliyev bunları da ümumiləşdirdi və heyətlər arasındakı görüş barədə də ətraflı məlumat verdi.
Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik. Burada bir məsələni də bildirmək istəyirəm. Xüsusilə səlahiyyətlərimin icrasına başlama mərasimində İlham qardaşımın xanımı ilə birlikdə iştirakı dünyaya və Türkiyəyə bir mesajdır. Buna görə mən də eyni qaydada xanımımla birlikdə bu səfərə gəlmişəm. Bu səfərlər aramızdakı münasibətlərin nə qədər inkişaf etməsinin ən gözəl ifadəsidir. Bunları təkcə bu gün etdik? Xeyr. Biz bunları daim – Baş nazir olduğumdan bəri, Prezidentliyi təhvil aldığımdan bəri yaşadıq, yaşayırıq və Rəbbim ömür verdikcə də yaşamaqda davam edəcəyik.
Əziz qardaşım İlham Əliyevə və azərbaycanlı qardaşlarımıza göstərdikləri bu qonaqpərvərliyə görə də şəxsən öz adımdan və heyətim adından çox təşəkkür edirəm. Hazırda atdığımız və atacağımız addımlardan biri də Türkiyə-Azərbaycan Universiteti məsələsidir. Bu məsələ ilə əlaqədar Ali Təhsil İdarəsinin sədri öz həmkarı ilə bu məsələni bu gün nəzərdən keçiriblər. Qanuni prosedurun vacibliyini isə İlham qardaşım ifadə etdi. Bu məsələni də tez bir zamanda həyata keçirərək, İnşallah, Türkiyə ilə Azərbaycan arasında belə bir universitetin qurulmasına nail olacağıq. Beləliklə, azərbaycanlı gənclərimiz Türkiyəyə rahatlıqla gələ biləcəkləri kimi, türk gəncləri də eyni qaydada Azərbaycandakı universitetdə oxumaq şansı əldə edəcəklər.
Bununla yanaşı, ən vacib məsələlərdən biri də məlum olduğu kimi, enerjidir. Enerji sahəsində istər TANAP, istərsə də TAP ilə bağlı illərdən bəri görülən işlər var. Bu işlərin təfərrüatlarını da nazirlərimiz öz aralarında müzakirə etdilər. Həmçinin bununla bağlı bundan sonrakı dövrdə görəcəyimiz işlər müzakirə olundu. Avropa enerji sahəsində, xüsusilə Türkiyə vasitəsilə alacağı qaz məsələsində çox narahatdır. Buna görə davamlı xahişlər edirlər. Bu məsələ ilə əlaqədar biz üzərimizə düşən işi görürük və bundan sonra da həyata keçirməkdə davam edəcəyik.
Bütün bunlarla yanaşı, müdafiə sənayesi sahəsində atılacaq addımlar da böyük əhəmiyyət kəsb edir. Bu sahədə atacağımız addımlarla birlikdə bu işin müdafiə sənayesi hissəsi ilə yanaşı, təhsil məsələsində də üzərimizə düşən vəzifələr var. Bu vəzifələri bu günə qədər necə yerinə yetirmişiksə, bundan sonra da eyni qaydada həyata keçirməkdə davam edəcəyik.
Ən mühüm məsələlərdən biri də xüsusilə hazırda özəl sektorumuzun burada atdığı addımlardır. Şirkətlərimiz kənd təsərrüfatı, heyvandarlıq sahələrində müştərək fəaliyyəti uğurla həyata keçirirlər. Bununla yanaşı, nəqliyyat sahəsində türk podratçı firmaları həqiqətən də Azərbaycanda uğurlu infrastruktur layihələrini həyata keçirirlər. Bu, bizi xüsusilə məmnun edir.
Şuşa Bəyannaməsinin müddəalarını da, İnşallah, bundan sonra da uğurla həyata keçirməyi davam etdirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik.
Üzərində ən çox çalışdığımız və həssaslıq göstərdiyimiz Zəngəzur dəhlizi məsələsini, İnşallah, sürətlə həll etməyimiz bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlar sayəsində buradan İğdıra, Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələrin yaradılması Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək. Çünki yol mədəniyyətdir. Əgər yolunuz varsa, mədənisiniz. Yolunuz varsa, mədəniyyətə çatmısınız. Əgər yol yoxdursa, heç bir şey yoxdur. Hazırda Azərbaycanın, xüsusilə müharibələrdən sonra infrastrukturla bağlı böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələ yollardır. Bundan əvvəlki səfərimdə də gördüm, bütün tunellər, viaduklar Azərbaycanın Qarabağ müharibələrindən - istər Birinci, istərsə İkinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini ən gözəl şəkildə ortaya qoyur. Biz bunları bilavasitə gördükcə iftixar hissi keçiririk. İyirmi il əvvəlki Bakını düşünürəm və hazırda da Qarabağı düşünürəm. Otuz il ərzində Minsk qrupu vaxt uzatdı və bunun nəticəsini yaşayırıq. Vaxtı çox uzatdılar, addım atmağa imkan vermədilər. Bax, öz göbəyinizi özünüz kəssəniz, addım atarsınız. Sağ olsun, İlham qardaşım bunu bacardı. Millət olaraq bunu bacardınız və indi də bu səviyyəyə gəldiniz. Deməli, məsələ odur ki, qətiyyətli olduğun zaman, inandığın zaman istədiyinə nail olmaq mümkündür. Azərbaycan da bu nəticəyə nail oldu.
Əlbəttə, indi qarşımızda atılacaq bəzi addımlar var. İnşallah, bu addımları da uğurla atdıqca Azərbaycan mövcud əhalisi ilə təbii ki, daha da irəli gedəcək. Mənim əhali ilə bağlı planımı, proqramımı bilirsiniz, ən azı üç deyirdim. Amma Azərbaycanda bu, ən azı beş olmalıdır. Elədirmi, qardaşım?
Prezident İlham Əliyev: Çalışacağıq.
Prezident Rəcəb Tayyib Ərdoğan: Ən azı beş olmalıdır. Hazırda əhali 12 milyondur?
Prezident İlham Əliyev: Hələ 11 milyona çatmayıb, 10 milyonun üstündədir, amma, İnşallah, yaxın zamanda çatacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan: Çatacaq, İnşallah. Yəni, bunu bacarmaq lazımdır. Buna nail olanda Azərbaycan daha güclü olacaq. Çünki əhali hər bir ölkənin gücüdür, həmin ölkənin gələcəklə bağlı paradiqmalarını dəyişdirir. Bu inamla, Türkiyə-Azərbaycan qardaşlığı və “Bir millət, iki dövlət” anlayışı ilə gələcəyə doğru addımlayacağıq. Aramızdakı Preferensial Ticarət Sazişindən tutmuş digər sahələrdə atacağımız addımlarla, İnşallah, Türkiyə-Azərbaycan qardaşlığını daha yüksək səviyyəyə çatdıracağıq. Çox təşəkkür edirəm.