“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16 iyun 2023, 12:36
Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu (bundan sonra – Qoruq) elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
2.1. Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etsin;
2.2. Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görsün;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi:
3.1. Qoruğun idarə olunmasını təmin etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Qoruğun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun 2023-cü il