“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
31 may 2023, 14:34
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 380; 2012, № 7, maddə 685; 2014, № 9, maddə 1027; 2017, № 5, maddə 803, № 8, maddə 1521; 2022, № 5, maddə 470) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissənin birinci abzasından “üç ay müddətində” sözləri çıxarılsın.
2. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. müvafiq sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlərin müraciət edəndən tələb edilməməsi, belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsinin müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunması və ya müraciət edən tərəfindən təmin edilməsi;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2023-cü il