Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
31 may 2023, 14:32
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 790; 2006, № 9, maddə 741; 2007, № 2, maddə 91; 2008, № 8, maddə 722; 2010, № 9, maddə 770, № 10, maddə 858, № 12, maddə 1061; 2013, № 5, maddə 520; 2014, № 9, maddə 1051; 2019, № 6, maddə 1029; 2023, № 1, maddə 84) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 24-1-ci bənd əlavə edilsin:
“24-1. Dövlət Reyestrində olan məlumatları əldə etmək üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2023-cü il