Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
23 may 2023, 14:35
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətini optimallaşdırmaq, həmçinin əməyin mühafizəsi və iş yerlərinin attestasiyasının keçirilməsi sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (bundan sonra – Xidmət) mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra – Mərkəz) iki ay müddətində yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərən, eləcə də bu sahələrdə təlimlər keçirilməsini, məsləhət verilməsini və metodiki dəstəyi təmin edən publik hüquqi şəxsdir;
2.2. Mərkəzin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Mərkəzin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi və onlarda dəyişiklik edilməsi, idarəetmə orqanlarının yaradılması, strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi, habelə Mərkəzin yenidən təşkili və ləğvinə münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər məsələlərə münasibətdə isə Xidmət həyata keçirir;
2.3. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti aşağıdakı mənbələrdən maliyyələşdirilir:
2.3.1. Dövlət Əməyin Mühafizəsi Fondundan ayırmalar;
2.3.2. fəaliyyətindən əldə edilən gəlir;
2.3.3. qanunla qadağan olunmayan digər mənbələr.
3. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072; 2017, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1232, № 8, maddə 1397, № 11, maddə 1718, № 12, maddə 1935; 2020, № 3, maddə 247, № 6, maddə 717, № 8, maddə 1036; 2021, № 4, maddə 318, № 8, maddə 922, № 12, maddə 1403; 2022, № 7, maddə 762, № 8, maddə 871, № 11, maddə 1261; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 mart tarixli 2066 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 7-ci hissədə “110” rəqəmləri “107” rəqəmləri ilə, “260” rəqəmləri “257” rəqəmləri ilə əvəz edilsin və həmin hissədən “(Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə)” sözləri çıxarılsın;
3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə” üzrə:
3.2.1. 4.1.3-cü yarımbənddə “əməyin mühafizəsi üzrə stasionar və səyyar laboratoriyaları” sözləri “tabeliyində olan qurumlar” sözləri ilə əvəz edilsin;
3.2.2. 5.1-ci bənddən “, əməyin mühafizəsi üzrə stasionar və səyyar laboratoriyalar” sözləri çıxarılsın və həmin bəndə “(bundan sonra – yerli orqanlar)” sözlərindən sonra “, tabeliyində olan qurumlar” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2023-cü il