İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikintisində son tamamlama işləri ilə tanış olmuşdur
10 sentyabr 2012, 18:00
Prezident İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikintisində son tamamlama işləri ilə tanış olmuşdur.
Dövlət başçısı məscidin tikintisinin tam başa çatmasından sonrakı görüntülərini əks etdirən fotostendə baxdı.
Məlumat verildi ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Məscidin yeni binasının tikintisinə 2011-ci ilin martında başlanılmış, bu məqsədlə 800 kvadratmetr torpaq sahəsi ayrılmışdır.
Məscidin ikimərtəbəli əsas binasının, eləcə də giriş pilləkəninin, körpücüyün və 21,6 metr hündürlüyündə minarəsinin tikintisi artıq başa çatdırılmışdır. Minarənin davamlılığını artırmaq məqsədi ilə 10 metr dərinliyində özülbərkitmə işləri aparılmışdır. Hazırda binanın daxilində işlər yekunlaşmaq üzrədir.
Diqqətə çatdırıldı ki, məscidin ərazisindəki məişət binasında da son tamamlama işləri görülür. Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri və digər otaqlar fəaliyyət göstərəcəkdir.