İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
01 may 2023, 16:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması və sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılması məqsədilə qərara alıram:
1. İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 (on) il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydasını on beş gün müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan maliyyə yardımının ödənilməsi ilə bağlı tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etsin;
2.3. bu Fərmanın icrası barədə ildə bir dəfə ‒ hər il aprelin 1-dək Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırmaqla, bu Fərmanın 1-ci hissəsinin icrası ilə bağlı 2023-cü ildə tələb olunan vəsait barədə təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.2. bu Fərmanın icrası ilə bağlı illik icmal hesabatı növbəti il fevralın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2023-cü il