“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ
26 aprel 2023, 15:44
Azərbaycan Respublikasının
2023-cü il 11 aprel tarixli
Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
1.1. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:
1.1.1. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;
1.1.2. Azərbaycan Respublikasının dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;
1.1.3. azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;
1.1.4. sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;
1.1.5. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;
1.1.6. Azərbaycan Respublikasının sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;
1.1.7. dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.
Maddə 2. Təltif edən orqan
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda ordenlərdən sonra taxılır.