Əsli Qasımovadan, Sumqayıt, Azərbaycan
25 aprel 2023, 18:20
Möhtərəm cənab Prezident.
Siz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirərək müstəqil respublikamızın inkişafına əvəzsiz töhfələr verirsiniz. Buna görə də xalqımız Sizə inanır və güvənir. Respublikamızın bütün bölgələri kimi, Sumqayıt da quruculuq meydanını xatırladır. Sumqayıtın inkişafı, gözəlləşməsi daim Sizin diqqətinizdədir. Şəhərimizdə yeni tikilən binalar, açılan iş yerləri, parklar, stadionlar göz oxşayır. Sumqayıtın bir şəhər kimi formalaşması və inkişafı böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Cənab Prezident, Sizin birbaşa diqqət və qayğınız sayəsində şəhərimizdə yaradılan çoxsaylı sosial-ictimai və sənaye müəssisələri Sumqayıtı daha da inkişaf etdirərək müasir, abad, işıqlı bir şəhərə çevirib. Həmişə olduğu kimi, bu gün də Sizin və Mehriban xanımın xalqa hansı məhəbbətlə bağlı olduğunuzu görürük. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlər də xüsusilə təqdirəlayiqdir.
Möhtərəm cənab Prezident, Siz həmişə əsl rəhbər kimi biz gənclərə dayaq, dəstək olmusunuz. Mən bir gənc olaraq çox sevinirəm ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. 2023-cü il Azərbaycanda iki unudulmaz şəxsiyyətin - müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim və həkim Zərifə Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır. Zərifə xanımın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir gənc üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün də Zərifə xanım haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz - əsl Azərbaycan qadınının obrazı canlanır. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşmasında zəngin mənəviyyata sahib əsl ziyalı, mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş Zərifə xanımın xüsusi rolu var. Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında gündən-günə daha böyük rol oynayırlar.
Cənab Prezident, Sizə Sumqayıtın gəncləri və şəhər əhalisinin dərin hörmət və ehtiramını, şəhərimizin inkişafına göstərdiyiniz diqqətə və qayğıya görə minnətdarlığını çatdırıram.
Xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə Sizə, hörmətli Mehriban xanıma, bütün ailənizə möhkəm cansağlığı, daha böyük uğurlar arzu edirik.
Uca Tanrı Sizi qorusun!
Hörmətlə,
Qasımova Əsli, Sumqayıt şəhəri, Hacı Zeynalabdin Bələdiyyəsinin sədri.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.