İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev Sofiyada SOCAR-ın Bolqarıstandakı ofisinin açılış mərasimində iştirak ediblər
25 aprel 2023, 14:10
Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər.
Dövlət başçıları ofis binasının rəmzi açılışını bildirən lenti kəsdilər, burada yaradılan şəraitlə tanış oldular.
Binada ofis əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, enerji sahəsində əməkdaşlıq sürətlə inkişaf edən Azərbaycan-Bolqarıstan əlaqələrində mühüm yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana sonuncu - 2022-ci il 30 sentyabr-1 oktyabr tarixli rəsmi səfəri və həmin səfər çərçivəsində Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istismara verilməsi ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda tamamilə yeni səhifə açdı. Dövlətimizin başçısının bugünkü səfəri zamanı Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması isə enerji resurslarının nəqlinin daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addımdır. Bütün bunlar SOCAR-ın Bolqarıstandakı fəaliyyətinin genişləndirilməsi zərurətini yaradır. Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyanı təsdiqləyib. SOCAR-ın Bolqarıstandakı ofisinin açılması şirkətin Avropa bazarında fəaliyyətinin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.