“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
20 aprel 2023, 16:49
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599; 2009, № 3, maddə 163; 2010, № 2, maddə 80, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 7, maddə 1260, № 8, maddələr 1377, 1384; 2017, № 6, maddə 1080; 2018, № 6, maddə 1200; 2021, № 12, maddə 1351) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:
“5.4-1. Dövlət müəssisələrinin, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin başqa fiziki və hüquqi şəxslərin icarəsinə və istifadəsinə verilməsinə, təyinatının dəyişdirilməsinə, həmin torpaq sahələrində tikinti və yenidənqurma işlərinin aparılmasına razılıq alınması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
2. Həmin Fərmanla təsdiq edilmiş “Səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi Qaydaları” üzrə:
2.1. aşağıdakı məzmunda 5.2-1-ci bənd əlavə edilsin:
“5.2-1. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçının razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya iddiaçı tərəfindən təmin edilir.”;
2.2. 5.3-cü bəndin beşinci abzasına “tam həcmdə” sözlərindən sonra “(bu Qaydaların 5.2-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2023-cü il