Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19 aprel 2023, 18:11
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı, o cümlədən yol hərəkətinin təşkili sahəsində tənzimləmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində rəqabətin, o cümlədən göstərilən xidmətlərin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə qərara alıram:
1. Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilsin.
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilsin.
3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, Agentliyin nizamnamə fondunun miqdarının artırılması barədə təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlakın Agentliyin balansına verilməsini üç ay müddətində təmin etsin;
4.4. bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla, Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün zəruri tədbirlər görsün;
4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
5.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin yenidən təşkili, o cümlədən “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin fəaliyyətinə xitam verilməsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2023-cü il