İlham Əliyev Şəkidə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir
09 sentyabr 2012, 16:15
Prezident İlham Əliyev Şəkidə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.
Dövlət başçısı mərkəzin layihəsini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, mərkəzin tikintisi ulu öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədini daşıyır. Burada dahi rəhbərin irsinin öyrənilməsinə və təbliğinə geniş yer ayrılacaqdır. Mərkəzin ümumi sahəsi 5 min 629 kvadratmetr olacaqdır. Ərazidə Heydər Əliyev Parkı, Bayraq Meydanı və Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni bina da inşa olunacaqdır. Üç mərtəbədən ibarət olacaq Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən muzeyin, 230 nəfərlik akt zalının, kitabxananın, sərgi zalının, toplantı və tədris otaqlarının, linqafon kabinetinin, həmçinin digər təyinatlı bölmələrin yaradılması nəzərdə tutulur.
Orijinal memarlıq üslubunda inşa olunacaq Heydər Əliyev Mərkəzi 1969-cu ildən başlayaraq Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın keçdiyi inkişaf yolunu tam mənası ilə sərgiləyəcəkdir. Bu mərkəz Heydər Əliyev irsinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün, bilik və bacarığının artırılmasına hərtərəfli imkan yaradacaqdır.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin təməlini qoydu.
Dövlət başçısı tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.