Aqil Abbasdan, Bakı, Azərbaycan
14 aprel 2023, 12:30
Möhtərəm cənab Prezident.
Məni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyiniz üçün Sizə öz dərin minnətdarlığımı bildirir və səmimi qəlbdən təşəkkür edirəm. Bu, Sizin mənə verdiyiniz üçüncü mükafatdır. 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adı ilə təltif etmisiniz, 2013-cü ildə “Şöhrət” ordeni ilə, bu gün isə dövlətimizin daha böyük yüksək bir ordeni ilə.
Möhtərəm cənab Prezident!
Bu, mənim üzərimə çox böyük bir məsuliyyət qoyur. Bildirirəm ki, mən bu dövlətə, bu Vətənə, bu millətə həmişə olduğu kimi bundan sonra da Sizin etimadınızı doğruldub ləyaqətlə xidmət edəcəyəm.
Möhtərəm cənab Prezident, onu da qeyd edim ki, Ulu Öndər Heydər Əliyev Məmməd Araz ailəsini həmişə diqqətdə saxlamış və onu Vətənin ali ordeni – “İstiqlal” ordeni ilə mükafatlandırmışdı. Dəfələrlə Məmməd Arazla görüşmüş, kölgəsini heç vaxt Məmməd Arazın və ailəsinin üstündən əskik etməmişdir. Siz də Ulu Öndərin həm siyasi, həm də birbaşa varisi kimi bizim ailəni həmişə diqqətdə saxlamış və qayğınızı əsirgəməmisiniz.
Möhtərəm cənab Prezident, Siz məni, mənim ailəmi, övladlarımı, nəslimi, bütün ağdamlıları, bütün qarabağlıları, eləcə də bütün Azərbaycan xalqını ən böyük mükafat olan - Ali Baş Komandan kimi, bir sərkərdə kimi - 44 günlük Vətən müharibəsində mükafatlandırmısınız! Mənə verdiyiniz yüksək ordeni tək mən sinəmdə daşısam da, amma 44 günlük müharibədə torpaqlarımızı azad etməklə verdiyiniz mükafatı bütün qarabağlılar və bütün azərbaycanlılar bir qürur ordeni kimi həmişə sinələrində daşıyacaqlar.
Möhtərəm cənab Prezident, işğaldan azad olunmuş ərazilərdə tez-tez oluram və aparılan tikinti-bərpa, təmir işlərini öz gözümlə görüb daha da fərəhlənirəm. İnanıram ki, yaxın tezlikdə bütün Qarabağı yenidən quracaqsınız. Biz hamımız öz torpağımıza, evimizə, eşiyimizə qayıdacağıq. Dağıdılan şəhər və kəndləri yenidən tikmək olar, amma qırılan mədəniyyəti yenidən bərpa etmək ən çətin problemdir. Sevinirəm ki, Qarabağın qırılan mədəniyyətini də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qırılmağa qoymadı. Mən bunu Füzulidəki görüşdə şəxsən Mehriban xanıma demişəm və bütün qarabağlıların adından minnətdarlığımı bildirmişəm.
Möhtərəm cənab Prezident, mən bu mükafatı tək özümə deyil, bütün qarabağlılara verilmiş bir mükafat kimi qiymətləndirirəm.
Bir daha Sizə təşəkkür edir, Sizə uzun ömür, cansağlığı və bütün Qarabağı tikib xalqımıza bağışlamağı arzu edirəm.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Aqil Abbas, Milli Məclisin deputatı, yazıçı.
Azərbaycan Respublikası, Bakı şəhəri.