İlham Əliyev Zaqatalanın Gözbarax kənd sakini üçün yeni tikilmiş fərdi evdə olmuşdur
09 sentyabr 2012, 12:50
Prezident İlham Əliyev cari il mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşən Zaqatala rayonunun Gözbarax kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Soltanov üçün yeni inşa edilmiş fərdi evdə olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş evin ümumi sahəsi 241 kvadratmetrdir. Beş otaqdan ibarət ikimərtəbəli ev qısa müddətdə və yüksək keyfiyyətlə tikilmişdir. Lazımi avadanlıqla təchiz olunmuş, 9 bal gücündə zəlzələyə davamlı yeni evdə dörd nəfərdən ibarət ailənin rahat yaşaması üçün hər cür şərait yaradılmışdır.
Azərbaycan Prezidenti evdə yaradılmış şəraitlə tanış oldu, görülmüş işləri yüksək qiymətləndirdi.
Ev sahibi Mahir Soltanov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi.