Elmar Xəlilovdan, Sumqayıt, Azərbaycan
14 aprel 2023, 12:38
Hörmətli cənab Prezident!
Təhsil sahəsində fəaliyyətimə yüksək qiymət verərək, məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu təltifi təkcə mənim əməyimə deyil, eyni zamanda təhsilimizə verilən yüksək mükafat hesab edirəm. Bundan sonrakı fəaliyyətimdə də dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, Sizin ideya, baxış, düşüncə və qərarlarınızın təbliği və müdafiəsi, təhsilin inkişafı işinə bütün varlığımla töhfə verəcəyəm.
Biz əminik ki, Azərbaycanımız Sizin rəhbərliyiniz altında daha da inkişaf edəcək, onun qüdrəti və dünyada nüfuzu daha da artacaq. Sizə bildirmək istəyirəm ki, Sumqayıt Dövlət Universitetinin kollektivi bundan sonra da üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcək, ölkəmizdə təhsil sahəsinin inkişafı, sağlam gənclərin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
Cənab Prezident, bu yüksək etimada görə bir daha Sizə dərin təşəkkürümü bildirirəm. Sizə uzun ömür, cansağlığı, Azərbaycanı yeni zirvələrə doğru aparan şərəfli tarixi missiyanızı həyata keçirmək yolunda davamlı uğurlar arzulayıram.
Fürsətdən istifadə edib, Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Xəlilov Elmar Şirinbala oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.