İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib
03 aprel 2023, 13:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.
Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə etdi.
Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyərək, Azərbaycanın Türkiyəyə yardımını qardaşlıq borcu kimi dəyərləndirdi.
Azərbaycan Prezidenti bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq, Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi.
Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğuladı və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd etdi.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.