Urbabə Mahmudovadan, İsmayıllı, Azərbaycan
03 aprel 2023, 12:20
Möhtərəm cənab Prezident.
Mən şəhid ailəsinin üzvüyəm. Həyat yoldaşım və qardaşım Birinci Qarabağ müharibəsində şəhid olublar. Ümummilli Liderimiz Heydər Əliyevin və şəxsən Sizin qayğınızı bütün imtiyazlı vətəndaşlar kimi bizim ailənin üzvləri də bu illər ərzində hiss etmişik. Şəhid ailələrinə çox yüksək səviyyədə maddi və mənəvi dəstək göstərilir.
Cənab Prezident, Sizin tapşırığınız əsasında dövlət qurumlarının rəhbərlərinin yerlərdə vətəndaşları qəbul edib dinləməsi çox müsbət haldır və yaxşı nəticələr verir. Bir müddət bundan əvvəl mən İsmayıllı şəhərində keçirilən belə qəbullardan birində iştirak etdim. Fərdi yaşayış evimin təmir-bərpası ilə bağlı xahişim qısa müddət ərzində yerinə yetirildi, yaşayış evim tam yararlı vəziyyətə salındı.
Cənab Prezident, bu müqəddəs Ramazan ayında məni hədsiz dərəcədə sevindirdiyinizə görə şəxsən Sizə və mənə kömək göstərən hər kəsə özümün və ailə üzvlərimin adından, eləcə də Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq adını Heydər qoyduğumuz nəvəmin adından dərin minnətdarlığımı bildirirəm.
Uca Yaradandan Sizə daimi xoşbəxtlik arzulayıram.
Allah Sizi və Sizə sədaqətli olanları qorusun!
Hörmətlə,
Mahmudova Urbabə, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.