31 mart 2023, 18:10

Kənan Hacıyevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz əzəli Qarabağ torpaqlarımızı düşməndən azad etməklə tarix yazdınız, xalqımıza böyük xoşbəxtlik bəxş etdiniz. Bunun üçün Sizə minnətdarıq. Mən də fəxr edirəm ki, bu tarixi hadisələrin iştirakçısı olmuş, dəmir yumruq altında birləşərək Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşmüşəm.

Cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür, dövlətçiliyə bağlı, yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Hər bir Azərbaycan gənci Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir. Gənclərimizin, o cümlədən müharibə iştirakçılarının işlə təmin olunması məsələsini daim diqqətdə saxladığınıza görə Sizə xüsusilə minnətdarlığımı bildirirəm. Mən də müharibə başa çatandan sonra işlə təmin olunmağımla bağlı Sizə müraciət ünvanlamışdım və müraciətim müsbət həll olundu.

Möhtərəm Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə uğurlu islahatlar həyata keçirilir, bütün dövlət orqanlarında aşkarlıq, şəffaflıq təmin olunub. Ölkəmizin gündən-günə inkişafını görmək biz gəncləri qürurlandırır. Sizə bir daha minnətdarıq.

Allah Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Hacıyev Kənan,

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.