Həbib Misirovdan, Kəlbəcər, Azərbaycan
08 sentyabr 2012, 16:25
Möhtərəm cənab Prezident!
Sizin apardığınız güclü daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan xalqı ən xoşbəxt və qürur dolu günlərini yaşayır.
Atdığınız hər bir addım Azərbaycan xalqını Sizin ətrafınızda daha sıx birləşdirir, Azərbaycan gəncinin Sizə olan rəğbət və ehtiramını daha da artırır. Sizin verdiyiniz növbəti bir qərar isə bütün dünya azərbaycanlılarının böyük sevincinə səbəb olmuşdur. Bu qərar Azərbaycan xalqının qəhrəman oğlu Ramil Səfərovun əfv edilməsi haqqında imzaladığınız Sərəncamdır.
Bu addım bütün Azərbaycan gəncləri kimi, Kəlbəcər rayonundan müvəqqəti qaçqın düşmüş biz gənclərin də simasında sevinc hisslərinin qol-qanad açmasına, milli vətənpərvərlik hissini bütün canımızla-qanımızla yaşamağımıza səbəb oldu.
Doğma yurd həsrətimizin tezliklə bitəcəyinə inamı birə min artırdı, bizlərə əlavə güc-qüvvət verdi.
Möhtərəm Prezident!
Ramil Səfərovun azad edilməsi, ona göstərilən yüksək dövlət qayğısı hər bir gəncin ürəyincə oldu. Əllərimizdə üçrəngli ay-ulduzlu bayraqlarla ziyarət etdik qəhrəmanımızı, bu anların sonsuz sevincini onunla birgə yaşadıq. Bu sevinci bizlərə yaşatdığınız üçün, bizləri Vətənə məhəbbət, sədaqət ruhunda tərbiyələndirdiyiniz üçün Sizə minlərlə Kəlbəcər rayon gəncləri adından təşəkkür və minnətdarlığımızı bildiririk.
Cənab Ali Baş Komandan,
Söz veririk ki, Sizin əmrinizlə biz gənclər Qarabağımızı düşmən tapdağından azad etməyə hər an hazırıq.
Allah Sizi qorusun! Allah Azərbaycanımızı qorusun!
Kəlbəcər rayon gəncləri adından dərin hörmətlə,
Misirov Həbib Məhərrəm oğlu.
Azərbaycan Respublikası, Kəlbəcər rayonu.