10 fevral 2023, 15:57

Dini konfessiyaların rəhbərlərindən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Zati- alilərinizə səmimi arzularımızı və xeyir-dualarımızı yetirir, multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına, dini qurumların problemlərinə həssas münasibətinizə və özəl qayğınıza görə dərin minnətdarlığımızı bildiririk.

Zati-aliləri, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin misilsiz xidmətləriniz vardır. Siz, bir dövlət başçısı kimi milli-mənəvi dəyərlərin, dini və tarixi abidələrin qorunması sahəsində böyük işlər görmüş bir şəxsiyyətsiniz. Bu müraciəti imzalayanlar şəxsən Sizinlə görüşlərin dərin təəssüratını heç vaxt unutmurlar. Sizin qeyd etdiyiniz kimi, Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq mühitinin gücləndirilməsi müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Biz tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda Sizin fövqəladə səylərinizlə mövcud olan ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, din-dövlət münasibətləri və etnik-dini tolerantlıq Zati-alilərinizin uğurlu siyasətinin məntiqi nəticəsidir. Həmçinin Prezidentimizin silahdaşı, siyasi və ictimai xadim, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dini-mədəni irsin qorunması sahəsində gördüyü fövqəladə işlər vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir, dindarlarımızın xeyir-duaları ilə qarşılanır.

Artıq neçə müddətdir ki, Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm dönəmini - Vətən müharibəsindəki Qələbənin qürurunu yaşayır. Biz, din xadimləri, fəxr edirik ki, bu Qələbənin müəllifi və sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan cənab Ali Baş Komandan İlham Əliyevdir. Bölgənin qısa zaman içərisində yenidən qurulması, işğaldan azad olunan Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi - bunların hamısı Prezidentimiz İlham Əliyevin yenilməz nüfuzu və əzmi sayəsindədir. Əminik ki, multikultural ənənələrə, milli-mənəvi dəyərlərin inkişafına və mədəni irsin qorunmasına xidmət edən dövlətimiz dünyada sülhün və tolerantlığın təbliği sayəsində bədxah qüvvələrin ideoloji təxribatlarının qarşısının alınmasında mühüm rol oynayacaqdır.

Zati-aliləri, İlahi hikmətə ehtiram - dinindən, milliyyətindən asılı olmayaraq bizi hər zaman qardaş kimi Sizin ətrafınızda cəm etmişdir. Bu, həm Uca Yaradanımızın istəyi, həm bütün bəşərə nümunə olan Azərbaycan modeli, həm də bu il 100 illik yubileyini qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyevin vəsiyyətinə sadiqliyimizin təcəssümüdür. Mənəvi həmrəylik mühitində yaşamağımız dövlətimiz tərəfindən dəstəklənir, dünya bizim bu həyat təcrübəmizi bəyənir, dəyərli örnək olaraq təqdir edir. Bizim üçün böyük şərəfdir ki, Siz hər il Azərbaycandakı dini konfessiyalara himayə və qayğınızı əsirgəmirsiniz. Biz buna görə Zati-alilərinizə dərin təşəkkürümüzü bildirir, böyük ehtiram hissi ilə Sizə və ailənizə uzun ömür, cansağlığı, şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Dini icmalarımız üçün çox önəmli olan bu yardım bizim bərabərlik və tolerantlığımızın ən bariz nümunəsi sayılır və biz ümid edirik ki, Sizin maddi-mənəvi dəstəyiniz sayəsində bizim gələcək fəaliyyətimiz üçün geniş imkanlar açılacaqdır.

Biz dindarlar Azərbaycan xalqının gələcəyi və rifahı naminə Sizin fəaliyyətinizi hər zaman bəyənir və dəstəkləyirik. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, haqqın qalibiyyəti daima Zati-alilərinizlə olacaqdır. Bu, bizim ümidimiz və Sizə ünvanlanan dualarımızdır.

Uca Yaradan hər zaman yardımçınız olsun! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının sədri,

Milix Yevdayev, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

Vladimir Fekete, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi,

Arximandrit Aleksiy, Rus Pravoslav KiIsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi,

Aleksandr Şarovski, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,

Robert Mobili, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.