İlham Əliyev Namibiyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib
07 fevral 2023, 11:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsini qəbul edib.
Səfir Klemens Xanduukeme Kaşuupulva etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı bildirdi ki, Namibiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi üçün imkanlar mövcuddur. Azərbaycan Prezidenti qeyd etdi ki, siyasi sahədəki əlaqələrimizə uyğun olaraq iqtisadi, ticari və digər sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi imkanlarına baxılmalıdır.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçirilmiş Zirvə Görüşündə Namibiyanın dövlət başçısının iştirakını məmnunluqla xatırlatdı. Həmçinin Qoşulmama Hərəkatının sədri kimi Azərbaycana Namibiyanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasında islahatlar prosesi çərçivəsində Qoşulmama Hərəkatına sədr dövlətin Təhlükəsizlik Şurasında daimi üzv kimi rotasiya qaydasında təmsil olunması mexanizminin nəzərdən keçirilməsinin Azərbaycanın təşəbbüsü olduğunu vurğuladı. Bu xüsusda Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılmasının vacibliyini bildirdi, bu cür yanaşmanın daha ədalətli olacağını qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olaraq bu təşkilatın təsisatlanması istiqamətində işlər apardığını vurğuladı. Gələn ay Azərbaycanın Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşünə ev sahibliyi edəcəyini dedi.
Səfir Namibiya Prezidenti Haqe Qotfrid Qeynqobun salamlarını dövlətimizin başçısına çatdırdı. Qeyd etdi ki, Namibiya dövlətinin başçısı 2019-cu ildə Zirvə Görüşü zamanı Azərbaycana səfərini məmnunluqla xatırlayır.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Namibiyanın Prezidentinə çatdırmağı xahiş etdi.
Etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etməkdən məmnunluq duyduğunu deyən səfir ölkələrimiz arasında əməkdaşlığın, dostluğun və qarşılıqlı dəstəyin daha da inkişafı üçün bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı.
Klemens Xanduukeme Kaşuupulva öz növbəsində iqtisadi-ticari əlaqələrin, mədən sənayesi və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırdı.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunuldu, təhsil sahəsində əməkdaşlığın vacibliyi vurğulandı, Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ayırdığı təhsil təqaüdləri çərçivəsində Namibiyadan da tələbələrin Azərbaycanda təhsil aldığı qeyd edildi.