“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 647-VIQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
21 yanvar 2023, 14:36
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 647-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 6.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 647-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xidmət haqlarının məbləğlərini üç ay müddətində müəyyən etsin.
4. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 621; 2005, № 2, maddə 64, № 8, maddə 718; 2006, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2010, № 4, maddə 287, № 7, maddə 610; 2011, № 11, maddə 998; 2013, № 9, maddə 1052, № 12, maddə 1509; 2014, № 2, maddə 108, № 4, maddə 361, № 6, maddə 632; 2015, № 7, maddə 827, № 9, maddə 1016; 2016, № 11, maddə 1825; 2017, № 3, maddə 348; 2018, № 2, maddələr 202, 203; 2020, № 7, maddə 891, № 12 (I kitab), maddə 1477; 2022, № 8, maddə 852) 4.2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 4.2.3-cü yarımbənddə “7.2-ci maddəsində və 12.2-ci maddəsində” sözləri “6.4-cü, 7.2-ci və 12.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;
4.2. aşağıdakı məzmunda 4.2.6-1-ci yarımbənd əlavə edilsin:
“4.2.6-1. həmin Qanunun 6.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 yanvar 2023-cü il