19 yanvar 2023, 16:10

Günel Məliklidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

2022-ci ilin son günündə Sizin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətiniz bütün Azərbaycan xalqı, o cümlədən gənclər tərəfindən böyük maraqla izlənildi. Ötən ilin nəticələri ilə bağlı etdiyiniz siyasi və iqtisadi təhlil, 2023-cü ildə qarşıda duran vəzifələr ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən edir. Müraciətiniz zamanı Siz qeyd etdiniz ki, 2023-cü ilin uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq. Bu sözləriniz, ilk növbədə, Azərbaycan gənclərini ruhlandırır və inanırıq ki, onlar ölkənin inkişafına öz töhfələrini verəcəklər. Sizin diqqət və qayğınız Azərbaycan gənclərinə uğur qazanmaqda hər zaman stimul verir. Buna görə də biz gənclər özümüzü çox xoşbəxt hiss edirik.

Cənab Prezident, yanvarın 10-da yerli televiziya kanallarına verdiyiniz müsahibədə Azərbaycanda gedən siyasi proseslərə, xarici siyasətin prioritet məqamlarına və ölkənin inkişaf istiqamətlərinə bir daha aydınlıq gətirməyiniz 2023-cü ilin – “Heydər Əliyev İli”nin daha da uğurlu il olacağından xəbər verir.

Sizin rəhbərliyinizlə Ümummilli Lider Heydər Əliyevin siyasəti yeni inkişaf kursu, strateji hədəflərlə davam edir. Sizin əzminiz sayəsində işğaldan azad olunmuş ərazilərdə bu gün bərpa və yenidənqurma işləri uğurla həyata keçirilir.

Sizin misilsiz xidmətləriniz nəticəsində ölkəmizdə “TEKNOFEST” festivalının təşkili, Azərbaycan idmançılarının Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarını 99 medalla başa vurması, xarici dövlətlərlə siyasi-iqtisadi əlaqələrin daha da genişləndirilməsi, Şuşa şəhərində Azərbaycanın BMT-yə qəbulunun 30 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi və digər mühüm hadisələr 2022-ci ilin uğurlarındandır.

Tariximizə “Şuşa İli” kimi yazılan 2022-ci ildə işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasiminin, Ağdamda ilk Milli Şəhərsalma Forumunun keçirilməsi, Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı, Şuşada Dünya Azərbaycanlılarının V qurultayının təşkili kimi hadisələr məhz Sizin siyasi iradənizin növbəti təcəssümüdür. Bütün bunlar bizə azad edilmiş ərazilərdə görüləcək digər işlərin də uğurla başa çatacağını deməyə əsas verir.

Möhtərəm cənab Prezident, Sizin doğum gününüzdə Qərbi Azərbaycan icmasının nümayəndələri ilə görüşünüz zamanı Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanmasının vacibliyini qeyd etməyiniz xalqımızda böyük fəxarət hissi yaratdı.

Bölgədə yeni reallıqlar yaradan müdrik siyasətçi kimi böyük əzminiz sayəsində “Made in Qarabağ” brendinin dünyaya təqdim edilməsi Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirməklə yanaşı, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha bütün dünyaya sübut edəcəkdir.

Cənab Prezident, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edəcəyimiz 2023-cü ildə ölkəmizin tərəqqisi naminə işlərinizdə var qüvvəmizlə çalışacağımıza söz veririk. Azərbaycan gəncləri Sizi dəstəkləyir və daim dəstəkləyəcəklər.

Hörmətlə,

Günel Məlikli,

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikası, Bakı şəhəri.