Salxab Məmmədovdan, Bakı, Azərbaycan
17 yanvar 2023, 18:10
Möhtərəm Prezident.
İcazə verin mədəniyyət, təhsil və ictimai sahədə fəaliyyətimə verdiyiniz yüksək dəyərə, 2023-cü il 3 yanvar tarixli Sərəncamınızla məni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq gördüyünüzə görə Sizə dərin təşəkkürümü bildirim.
Hamıya yaxşı məlumdur ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini ləyaqətlə davam etdirərək, Müzəffər Ali Baş Komandan kimi 44 günlük Vətən müharibəsindən Azərbaycanı təkcə qalib dövlət kimi çıxaran yox, həm də daha böyük qələbələrə və hədəflərə çatmağa qadir olan Prezident kimi Sizin iş qrafikiniz gərgindir. Lideri olduğunuz, dünyadakı əlli milyonluq azərbaycanlının hər nəfəri kimi, biz mədəniyyət və incəsənət xadimləri də Sizin gördüyünüz böyük işlərin şahidi oluruq. Anlayırıq ki, məhz Sizin yürütdüyünüz müdrik, müstəqil siyasət, qəbul etdiyiniz cəsarətli qərarlar sayəsində qlobal çağırışlar fonunda ölkəmiz və xalqımız bir çox təhdid və təhlükələrdən yan keçərək uğurla inkişaf edir. Ömrünü yaradıcı, sadə insanların arasında keçirən bir insan kimi tam əminliklə qeyd edə bilərəm ki, şanlı Qələbənin qazanılması zamanı olduğu kimi, bu gün də, Azərbaycan xalqı öz Ali Baş Komandanının ətrafında yumruq kimi birləşmişdir.
Bunlarla bərabər həm Siz, həm də ölkəmizin birinci xanımı Mehriban Əliyeva mədəniyyətimizin dünyada təbliği, dəyərlərimizin, ənənələrimizin qorunması, xalqımızın mədəni və intellektual inkişafının daha da gücləndirilməsi üçün əvəzsiz səy göstərir, təşəbbüslər irəli sürürsünüz. Eyni zamanda, elm, təhsil və mədəniyyət xadimlərini diqqətdən kənarda qoymursunuz, onlara böyük qayğı göstərirsiniz. Mənim də ictimai və yaradıcılıq fəaliyyətim heç vaxt yüksək diqqətinizdən kənarda qalmamışdır. Azərbaycan Respublikasının Xalq rəssamı (2006) fəxri adına, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə (2008), “Şöhrət” ordeninə (2012), "Şərəf” ordeninə (2017) məhz Sizin müvafiq sərəncamlarınızla layiq görüldüyüm üçün xüsusi qürur hissi keçirirəm və bunlara görə Sizə bir daha dərin hörmət və ehtiramımı bildirirəm.
Bir rəssam kimi yaradıcılığımın əsas hissəsi respublikaya Ulu Öndər Heydər Əliyevin və Sizin rəhbərlik etdiyiniz dövrlərə təsadüf etmişdir. Zati-aliləriniz tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması mədəniyyət və incəsənət sahəsində çalışan minlərlə insan, o cümlədən mənim üçün xüsusi rəmzi məna və əhəmiyyət kəsb edir.
Cənab Prezident,
Müasir Azərbaycanı yeni hədəflərə və qələbələrə doğru aparmağa yönəlmiş şərəfli tarixi missiyanızı həyata keçirmək yolunda Sizə davamlı uğurlar arzulayıram.
Hörmətlə və ehtiramla,
Məmmədov Salxab,
Azərbaycan Respublikasının Xalq rəssamı.
Azərbaycan Respublikası, Bakı şəhəri.