“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ
14 yanvar 2023, 14:46
Azərbaycan Respublikasının
2022-ci il 27 dekabr tarixli
Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.