Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
13 yanvar 2023, 19:45
Yanvarın 13-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını ifadə edib və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini vurğulayaraq, Azərbaycanın Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatı çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.
Eyni zamanda, telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə edilib. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.
Söhbət zamanı prezidentlər bir daha Azərbaycan-Almaniya əməkdaşlığının perspektivlərini yüksək qiymətləndirərək, bu əlaqələrin inkişafı üçün birgə səylərin göstərilməsinin vacibliyini qeyd ediblər.