Ercan Yerdələnlidən, Nyu-York, Amerika Birləşmiş Ştatları
06 yanvar 2023, 18:14
Möhtərəm Prezident, Ali Baş Komandan, bütün dünya azərbaycanlılarının müzəffər Lideri!
Dünyaya səs salan 44 günlük Vətən müharibəsi tutduğunuz haqq yolunun, apardığınız uğurlu siyasətin nəticəsidir. Siz 270 il ərzində itirdiyimiz Azərbaycan torpaqlarının bir qismini geri qaytardınız. Bu müharibədə qazandığınız Zəfər həm siyasi arenada, həm də 30 il ərzində erməni qəsbkarları tərəfindən işğal edilmiş Azərbaycanın əzəli torpaqları olan Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına, şücaətlə vuruşan gənc nəslin vətənpərvər ruhda yetişməsi, təlim və tərbiyə olunması ulu öndərimiz Heydər Əliyev siyasəti və onun layiqli davamçısı olaraq şəxsən Sizin və Mehriban xanım Əliyevanın təhsil sisteminə verdiyiniz diqqət və qayğının göstəricisidir.
Eyni zamanda, bütün dünya azərbaycanlılarının həmrəyliyini reallıqda həyata keçirdiyiniz kimi, Arazın o tayında yaşayan 35-40 milyon azərbaycanlı bacı və qardaşlarımızın və Qərbi Azərbaycandan deportasiya edilmiş həmvətənlərimizin də ümid səsisiniz.
Möhtərəm Prezident, mən “Azərbaycan - Nyu-York Assosasiyası"nın Qadınlar şöbəsinin sədri Solmaz xanım Kallaçi-Əlizadənin yarım əsrə çatan diaspor fəaliyyətindəki xidmətinin qarşılığı olaraq medalla təltif olunmasına görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirmək istəyirəm. Hər zaman qonaqlı-qaralı, süfrəsi duzlu-çörəkli, evinin qapıları hər bir azərbaycanlıya açıq olan ağbirçək Solmaz anamıza böyük sevinc, əvəzsiz töhfə bəxş etdiniz.
Hörmətli cənab Prezident, Sizi yeni - 2023-cü il münasibətilə ürəkdən təbrik edir, işlərinizdə müvəffəqiyyətlər, qarşınızdakı böyük məqsədlərə nail olmaqda uğurlar arzulayıram.
Hörmətlə,
Ercan Yerdələnli,
“Azərbaycan - Nyu-York Assosasiyası"nın prezidenti.
Amerika Birləşmiş Ştatları, Nyu-York şəhəri.