“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
30 dekabr 2022, 15:25
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 737; 2003, № 1, maddə 1; 2006, № 3, maddə 225; 2007, № 6, maddə 562, № 12, maddə 1216; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1168; 2016, № 3, maddə 423; 2017, № 5, maddə 741, № 7, maddə 1291; 2018, № 5, maddə 847; 2019, № 1, maddə 30, № 3, maddə 387; 2021, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə üzrə:
1.1. 1-ci hissənin “b)” bəndində “banklarda və digər kredit təşkilatlarında” sözləri “kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda” sözləri ilə əvəz edilsin;
1.2. 11-ci hissədə “valyuta əməliyyatlarının aparılması üçün maliyyə bazarlarına nəzarət orqanının lisenziyasını almış banklar və digər kredit təşkilatlarıdır” sözləri “Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları, habelə poçt rabitəsinin milli operatoru” sözləri ilə əvəz edilsin.
2. 15-ci maddənin 2-ci hissəsində “banklardır” sözü “banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərdir” sözləri ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda 16-1-ci maddə əlavə edilsin:
“Maddə 16-1. Valyuta əməliyyatları barədə vahid informasiya sistemi
16-1.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı valyuta nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatların toplanıldığı vahid informasiya sistemini yaradır. Valyuta nəzarəti agentləri apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edirlər. Valyuta əməliyyatları barədə vahid informasiya sisteminə məlumatların təqdim edilməsi və sistemdən alınması qaydası, təqdim edilən məlumatların növü və sistemin fəaliyyətinə dair digər məsələlər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.
16-1.2. Valyuta əməliyyatları barədə vahid informasiya sistemində toplanılan məlumatlar pul vəsaitləri ilə əməliyyatlara dair sənədlərin saxlanılması müddətində saxlanılır və bu sistemdə toplanılan və oradan alınan məlumatlara bank sirrinin qorunması qaydaları şamil olunur.
16-1.3. Valyuta əməliyyatları barədə vahid informasiya sistemində məlumatların toplanılması və işlənilməsi üçün məlumat subyekti olan rezident və qeyri-rezidentlərin razılığı tələb olunmur, onlar məlumatların bu sistemdə toplanılması və işlənilməsinə etiraz edə və oradakı məlumatların məhv edilməsini tələb edə bilməzlər.”.
4. 18-ci maddənin 3-cü hissəsinə “müvəkkil bankların” sözlərindən sonra “və digər valyuta nəzarəti agentlərinin” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2022-ci il