Fərhad Bədəlbəylidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli fəaliyyətimə görə məni “Şərəf” ordeni ilə təltif etməyinizdən böyük şərəf və iftixar hissi duyuram. Buna görə Sizə çox minnətdaram.
Siz görkəmli dövlət xadimi, mahir siyasətçi olmaqla yanaşı, həm də mədəniyyətimizin dərin bilicisi və hamisi kimi tanınmışsınız. Mədəniyyət sahəsində həyata keçirdiyiniz siyasət, mədəniyyət və incəsənət xadimlərini dəyərləndirməyiniz, hər zaman diqqət və qayğı göstərməyiniz ilə bunu sübut edirsiniz. Sizinlə görüşlərimiz, söhbətlərimiz hər dəfə bir mədəniyyət hadisəsinə çevrilir.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız, Sizin başçılığınız altında Qarabağdakı möhtəşəm Qələbəmiz, uzun illərdən sonra Qarabağın işğalına son qoyulması, mədəniyyətimizin incisi Şuşanın azad edilməsi Zəfər tariximizin şərəfli səhifələrinə yazılmışdır. Biz mədəniyyət xadimləri hər zaman Sizin yanınızda olaraq, bu Qələbədən ruhlanıb, öz yaradıcılığımızda bunu tərənnüm edirik, bütün fəaliyyətimizi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına həsr edirik. Mədəniyyət, xüsusilə də musiqi bunun üçün ən gözəl vasitədir.
Azadlıq rəmzimiz olan Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması xüsusilə önəmlidir. Sizin: “Əziz Şuşa, sən azadsan! Biz qayıtmışıq. Biz səni dirçəldəcəyik” sözləriniz dilimizin əzbərinə çevrilərək, reallaşır. Bu istiqamətdə görülən böyük quruculuq və bərpa işləri göz qabağındadır. Vaxtilə yalnız arzu etdiyimiz Şuşada festivalların, konsertlərin, sərgilərin, görüşlərin keçirilməsi indi həyatımızın gerçəkliyinə çevrilib.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Şuşada həyata keçirilən böyük layihələrdə biz ruh yüksəkliyi ilə yaxından iştirak edirik. Şuşaya hər səfərimiz isə olduqca zəngin təəssüratlar doğurur.
Əziz Prezidentimiz, bütün arzularımızı, amallarımızı gerçəkləşdirən bir insan kimi Sizə çox minnətdarıq. Bundan sonra da bizi Sizin rəhbərliyinizlə möhtəşəm işlər gözləyir və biz hər zaman xalqımızın parlaq gələcəyi naminə çalışan əziz Prezidentimizi dəstəkləyirik. Tanrı Sizi qorusun.
Dərin hörmət və ehtiramla,
Fərhad Bədəlbəyli
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan xalq artisti, professor
Azərbaycan Respublikası, Bakı şəhəri.