Bəxtiyar Sadıqovdan, Bakı, Azərbaycan
07 sentyabr 2012, 10:30
Zati-aliləri, cənab Prezident!
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiyası və dərhal da Sizin tərəfinizdən əfv olunması bütün xalqımızda, o cümlədən rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzetinin yaradıcı heyətində böyük sevinc və qürur hissi doğurmuşdur. Artıq doqquz il müddətində biz demək olar ki, hər gün Sizin – “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədinizin doğrulduğunun şahidiyik. Ramil Səfərovla bağlı atdığınız addımlar isə Azərbaycan vətəndaşlarının dünyanın harasında yaşamalarından asılı olmayaraq, onların hüquq və mənafelərinin təminatçısı olduğunuzu bir daha nümayiş etdirməklə yanaşı, Sizin humanistliyinizi, alicənablığınızı, 60 milyonluq azərbaycanlı ailəsinin mənəvi atası olduğunuzu göstərdi. Siz Prezident kimi vətəndaşımıza, Ali Baş Komandan kimi zabitimizə sahib çıxdınız.
Möhtərəm cənab Prezident! Ramil Səfərovun bu gün öz doğma Vətənində, özü də azadlıqda olması istisnasız olaraq Sizin, həmçinin son səkkiz ildə zabitimizin taleyini birbaşa şəxsi nəzarətinə götürərək ona hüquqi-mənəvi yardım kampaniyası təşkil edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qələbəsidir. Ömürlük həbsə məhkum edilmiş və üzərində dünya erməniliyinin böyük nəzarəti olan vətəndaşımızın bu gün ölkəyə gətirilərək artıq azadlığa çıxmasına yalnız Sizin kimi qətiyyətli, prinsipial, beynəlxalq arenada böyük nüfuz qazanan insan - əsl Azərbaycan kişisi nail ola bilərdi. Dünya erməniliyi üzərində qazandığınız həlledici üstünlük Sizin müəyyənləşdirdiyiniz ideoloji və informasiya hücumu sayəsində daha da geniş miqyas alır. Bu addımınız Sizin həm də antiazərbaycançı şəbəkə üzərində növbəti tarixi zəfərinizdir! İnanırıq ki, Mübariz İbrahimovun, Ramil Səfərovun davamçıları olan əsgər və zabitlərimiz Ali Baş Komandanın yenilməz iradəsi ilə bu zəfərləri birbaşa döyüş cəbhəsində də tətbiq edəcək, Sizə - Baş Sərkərdəmizə Qarabağda qələbə raportu verəcəklər!
Bir daha Sizə minnətdarlığımızı bildirir, məsuliyyətli və şərəfli missiyanızda yeni uğurlar diləyirik.
Hörmətlə,
Bəxtiyar Sadıqov,
“Azərbaycan” qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı.
Azərbaycan Respublikası, Bakı şəhəri.