Cabir Məmmədov və başqalarından, Ağcabədi, Azərbaycan
07 sentyabr 2012, 09:20
Möhtərəm cənab Prezident!
2004-cü ildə NATO-nun proqramı çərçivəsində Budapeştdə üç aylıq kursda olarkən Azərbaycan bayrağını təhqir etmiş erməni zabitini qətlə yetirərək cavablandıran və ömürlük həbs cəzasına məhkum edilən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Sizin yorulmadan apardığınız mübarizə nəticəsində avqust 31-də ölkəmizə ekstradisiya edilməsi və Sərəncamınızla əfv olunmasına görə, Sizə bütün qarabağlılar adından sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk.
Ramil Səfərovun azad olunacağı günü bütün xalqımız Dağlıq Qarabağın işğaldan azad olunacağı günü gözləyən kimi gözləyirdi. Nəhayət Sizin müdrikliyiniz, cəsarətiniz, qətiyyətiniz intizarımıza son qoydu. Dərhal imzaladığınız əfv Sərəncamı onu göstərir ki, Siz Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan kimi hər bir vətəndaşımızın, hər bir əsgər və zabitin arxasında durmusunuz. Ramil Səfərovun azadlığa çıxmasına nail olunması düşmən qarşısında Prezidentimiz ilə xalqımızın həmrəyliyinin nəticəsidir. Bu, doğma Qarabağımızın işğaldan azad olunması üçün bir yumruq kimi birləşib düşmən başına son zərbəni vurmağa çağırışdır.
Bu gün təkcə Ramilin deyil, bütün Azərbaycan xalqının yaddaşında həmişəlik qalacaqdır. Ona görə ki, bu gün dövlətimizin gücü və nüfuzu, Sizin müdrikliyiniz və qətiyyətiniz bir daha bütün dünyaya nümayiş etdirildi.
Çox hörmətli cənab Prezident!
Biz ağcabədili gənclər, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri bizə Vətənimizin xoşbəxt gələcəyinə, doğma Qarabağımızın azad olunacağı günə inamımızı bir daha gücləndirən bu hadisəni yaşatdığınıza görə, Sizə sonsuz təşəkkürümüzü bildiririk. Bütün qarabağlılar adından birmənalı olaraq bildiririk ki, işğal altındakı torpaqlarımızı azad etmək üçün Sizin Ali Baş Komandan kimi əmrinizlə döyüşə atılmağa həmişə hazırıq və bunu özümüzə şərəf işi hesab edirik. Ulu Tanrı Sizə yar olsun!
Qarabağ müharibəsinin əlilləri adından dərin hörmətlə,
Məmmədov Cabir İbad oğlu,
Xuduyev İlqar İslam oğlu,
Hacıyev Rəhman Əliheydər oğlu,
Məhərrəmov İsmayıl Əsgər oğlu,
Verdiyev Rafiq Şəmil oğlu,
Bayramov Elşən Safa oğlu,
Həsənov Eldəniz Məmmədxan oğlu və başqaları (cəmi 60 imza).
Azərbaycan Respublikası, Ağcabədi rayonu.