Tofiq Cahangirovdan, Bakı, Azərbaycan
09 dekabr 2022, 18:25
Çox hörmətli cənab Prezident.
Azərbaycana rəhbərlik etdiyiniz son 19 il ərzində yorulmadan həyata keçirdiyiniz müstəqil, milli maraqlara əsaslanan müdrik siyasət nəticəsində ölkəmiz iqtisadi və hərbi cəhətdən xeyli güclənib, regionun lider dövlətinə çevrilib, onun beynəlxalq arenadakı mövqeləri daha da möhkəmlənib. Təsadüfi deyil ki, bu gün regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir. Sizin öz çıxışlarınızda dəfələrlə vurğuladığınız kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Çünki ötən müddət ərzində Azərbaycanda bütün sahələrdə görünməmiş islahatlar həyata keçirilib, dinamik inkişafa nail olunub, iqtisadiyyatımiz 3,2 dəfə artıb, 2 milyondan çox yeni iş yerləri yaradılıb, əməkhaqları, pensiyalar dəfələrlə artırılıb və insanların rifah halı daha da yaxşılaşıb. Siz Prezident seçildiyiniz gündən indiyədək xalqa verdiyiniz bütün vədləri yerinə yetirmisiniz.
Əziz Prezidentimiz, ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək, həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət, ordu quruculuğu sayəsində, 30 ilə yaxın müddətdə işğal altında olan doğma torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində azad edilib. Bu, dövlət başçısı, Ali Baş Komandan kimi Sizin tarixi xidmətiniz və uğurlarınızın zirvəsidir. Qədirbilən xalqımız Sizin bu xidmətinizi olduqca yüksək dəyərləndirir, Sizi sevir və etimad göstərməkdə davam edir. Siz həmişə fəxrlə deyirsiniz ki, uğurlarımızın əsasında məhz ölkədəki sağlam siyasi mühit, xalq-iqtidar birliyi dayanır. Xalqımız bu qarşılıqlı inamın Azərbaycanı Sizin rəhbərliyiniz altında yeni-yeni qələbələrə aparacağına sidq ürəklə inanır.
Çox hörmətli cənab Prezident, dövlətə və dövlətçiliyimizə xidmət edən, ictimai-siyasi və elmi sahədə fəaliyyət göstərən insanlara diqqət, qayğı və dəstəyiniz, onların xidmətlərini dəyərləndirdiyiniz üçün Sizə borcluyuq. Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə mənim ictimai-siyasi həyatda fəaliyyətimə görə “Tərəqqi” medalı ilə təltif olunmağım haqqında imzaladığınız 2022-ci il 30 noyabr tarixli Sərəncamınıza görə Sizə dərindən minnətdarlığımı bildirirəm. Bu dəyərli mükafat mənim üçün böyük diqqət və etimadın ifadəsidir və məni ulu öndər Heydər Əliyevin amallarına, Sizin həyata keçirdiyiniz milli maraqlara əsaslanan siyasi kursa sadiq qalmağa, Vətənim Azərbaycana sədaqətlə xidmət etməyə ruhlandırır.
Tanrı Sizi qorusun. Tanrı Azərbaycana yar olsun.
Dərin hörmət və ehtiramla,
Tofiq Cahangirov
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü
Azərbaycan Respublikası, Bakı şəhəri.