08 dekabr 2022, 10:15

Cəmaləddin Ağayevdən, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizi böyük qürur hissi ilə ürəkdən salamlayır, müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycanın 30 il ərzində keçdiyi yol partiyanın şərəfli tarixi, qürur salnaməsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Sizin rəhbərliyinizlə respublikamızda bütün sahələrdə aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə zəmin yaratmışdır. Milli şüarımıza çevrilmiş “Qarabağ Azərbaycandır!” gerçəyi reallaşaraq Sizin əzmkarlığınız və rəşadətli ordumuzun qüdrəti sayəsində ərazi bütövlüyümüz təmin olundu.

Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. İşğaldan azad olunmuş əzəli torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin görülməsi bizi qürurlandırır.

Cənab Prezident, Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında 30 noyabr 2022-ci il tarixli Sərəncamınızla məni də “Tərəqqi” medalına layiq görmüsünüz. Fəaliyyətimə verdiyiniz yüksək dəyərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizə uzun ömür, möhkəm cansağlığı, doğma Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayır, bu çətin və şərəfli yolda daim Sizinlə olduğumuzu bildiririk.

Allah Sizi qorusun, yaşasın Azərbaycan!

Hörmətlə,

Ağayev Cəmaləddin Moqbil oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Mahmudavar kəndi.