07 dekabr 2022, 17:45

Seymur Əhmədovdan, Şabran, Azərbaycan

Cənab Prezident.

Mən Şabran rayonunun Ağbaş kəndində ailəmlə birlikdə yaşayıram. Müharibə dövründə hər bir vətənpərvər azərbaycanlı kimi Sizin, Vətənimizin müsəlləh bir əsgəri olmuşam. Füzuli, Qubadlı, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Döyüşlərdən birində qəlpə yarası almışam. Buna baxmayaraq, sevincliyəm. Ona görə ki, torpaqlarımız erməni işğalçılardan azad olunmuşdur. Bu müqəddəs yolu yalnız Sizin kimi bir şəxsiyyət – ümummilli lider Heydər Əliyev məktəbinin layiqli yetirməsi uğurla addımlaya bilərdi. Çox şadıq ki, o yol artıq qət edilmiş və zirvələrə çatılmışdır. Bu gün ulu öndər Heydər Əliyevin, Vətən uğrunda canını fəda edən şəhidlərimizin ruhu şaddır.

Əziz Prezidentimiz, Sizin və dövlətimin sayəsində mənim problemlərim öz həllini tapır. Sizə ünvanladığım müraciətə də vaxtında baxıldı və qaldırdığım məsələ həll olundu. Bütün bunlara görə Sizə təşəkkürümü bildirirəm. Bütün xalqımız üçün etdikləriniz, bu gün mənim simamda təbəssümlə təcəssüm olunur.

Bu gün hamımız ürəkdən deyirik: “Qarabağ Azərbaycandır!”

Hörmətlə,

Əhmədov Seymur Mahir oğlu

Vətən müharibəsi əlili

Azərbaycan Respublikası, Şabran rayonu, Ağbaş kəndi.