Lalə Rəhimovadan, Bakı, Azərbaycan
06 dekabr 2022, 16:50
Hörmətli cənab Prezident.
Mən Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun anasıyam, neft sənayesinin zəhmətkeş veteranı və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının uzun illərdir ki, fəal üzvüyəm.
Cənab Prezident, Siz Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında 30 noyabr 2022-ci il tarixli Sərəncamınızda mənə də böyük etimad göstərərək, məni “Tərəqqi” medalı ilə təltif etmisiniz. Siyahıda uzun illər çiyin-çiyinə doğma partiyamızın və dövlətimizin inkişafı naminə xidmət etmiş partiya silahdaşları ilə yanaşı öz adımı görmək mənim və ailəm üçün böyük şərəfdir.
Bildirmək istərdim ki, uzun illər YAP Suraxanı rayon təşkilatının fəal üzvü, partiya təəssübkeşi kimi doğma rayonumuzda Ulu Öndər Heydər Əliyevin zəkasının nurundan və tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyasına, onun yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və ən layiqli davamçı, Müzəffər Ali Baş Komandan kimi Sizin daxili və xarici siyasətinizə ləyaqətlə və sədaqətlə xidmət etmişəm. Bu gündən sonra da qalan ömrümü milli maraqlara söykənən ali siyasətinizə həsr etməyə söz verirəm.
Müzəffər Ali Baş Komandan, mənim oğlum Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuşdur. Oğlum şəhid olanda onun cəmi 19 yaşı var idi. Əlbəttə, bir ana kimi oğlumun niskilini, onu itirməyin əzabını qəlbimdə ağır bir yük kimi daşımışam. Lakin o yükdən daha ağır yük torpaqlarımızın düşmən tapdağı altında qalması idi. Bütün şəhid anaları kimi mənim də qəlbimdə bir arzu var idi. Oğlumun şəhid olduğu torpaqları görmək, orada müstəqil Azərbaycan Respublikasının qalib vətəndaşı kimi gəzmək mənim ən böyük diləyim idi. Bunu müdrik Azərbaycan xalqı Sizin sayənizdə bacardı. Sizin Ali Baş Komandan kimi Vətən müharibəsi ərəfəsində verdiyiniz bəyanatları, qələbə xəbərlərini mən də sevinc göz yaşları içində və böyük həyəcanla dinləmişəm. Bir ana kimi Sizə sonsuz dualar etmişəm.
Cənab Prezident, müdrik Azərbaycan xalqı tarix boyunca ağıllı və düşünülmüş qərarlar verməyi bacarmışdır. Müasir Azərbaycan Respublikasının tarixində xalqımızın iki ən müdrik qərarı isə Ulu Öndər Heydər Əliyevin təkidli tələblə hakimiyyətə dəvət olunması və 2003-cü ildə onun ən layiqli davamçısı olaraq Sizə etimad göstərilməsi olmuşdur. O tarixi seçimdən 19 il keçir. Hər bir Azərbaycan vətəndaşı o gün verdiyi qərarla fəxarət hissi duymaqdadır. Bu gün Şuşada oxunan azanla şəhidlərimizin əziz ruhları şad, şəhid analarının kövrək qəlbləri isə rahatdır.
Cənab Prezident, Siz və hörmətli Mehriban xanım Əliyeva bir şəhid anası kimi məni hərtərəfli diqqət və qayğı ilə əhatə etmisiniz. Mehriban xanım qayğıkeş bir ana, bir bacı kimi hər bir şəhid anasının, qazinin hər zaman yanındadır. Dərdlərimizi bizimlə səmimi bölüşür, hər an bizim qayğımıza qalır.
Siz dəfələrlə Suraxanı rayonunda olmusunuz. Hər gəlişiniz sadə insanlar üçün toy-bayram olub. Hətta bu səfərlərin birində mənim də Sizinlə görüşmək imkanım olmuşdur. Mən o görüş zamanı Sizin səmimiyyətinizin şahidi olmuşam. Mənim yaddaşımda o səmimi görüş hələ də xoş bir xatirə kimi canlı yaşayır. Bu gün mənə verdiyiniz medalı şərəflə daşıyacağam. Həm şəhid Milli Qəhrəmanın anası kimi, həm də Yeni Azərbaycan Partiyasının mübariz fəal üzvü kimi daim milli maraqlarımızın qorunmasına, Sizin apardığınız müdrik siyasətin geniş kütlələr arasında yayılmasına xidmət edəcəyimə Sizi bir daha əmin edirəm.
Cənab Prezident, Yeni Azərbaycan Partiyasına və dövlətimizə sədaqətlə xidmət etmiş şəxslərlə yanaşı YAP Suraxanı rayon təşkilatının fəal üzvü kimi mənim də əməyimi yüksək qiymətləndirdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Bu qiymət mənim timsalımda Suraxanı rayonunda fəaliyyət göstərən YAP üzvlərinin əməklərinə verilmiş ali dəyərdir.
Bir daha Suraxanı rayonunda yaşayan bütün şəhid ailələri, Suraxanı zəhmətkeşləri və YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Dərin hörmətlə,
Lalə Rəhimova
Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun anası
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.