05 dekabr 2022, 14:00

Hikmət Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu günlərdə məni, “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinizə görə Zati-alinizə sonsuz təşəkkürümü bildirirəm. Hər bir vətəndaş üçün öz Prezidenti tərəfindən təltif edilmək çox böyük şərəf və qürurdur. Ancaq Vətənə xidmətin ən ali, ən cəsur, ən fədakar nümunəsini yaratmış bir Prezident, Müzəffər Ali Baş Komandan tərəfindən “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmək ayrıca bir qürur və şərəfdir. Üstəlik bu təltifin, qurucusu Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə edilməsi mənim üçün mənəvi baxımdan mühüm bir hadisədir.

Sizin verdiyiniz qərarlardakı ardıcıllıq, ədalətli yanaşma, milli dövlətimizin sosial fəlsəfəsini həm də ədalətli edir. Bu, eyni zamanda Azərbaycan cəmiyyətini monolit edən, onu birləşdirən sosial sement funksiyasını yerinə yetirmiş olur. 1993-cü ildə sıravi üzv kimi qəbul edildiyim Yeni Azərbaycan Partiyasında olan sağlam, mənəvi-siyasi mühit məni partiyadaxili iyerarxiyanın ən yüksək pillələrinə qədər qaldırdı. Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi siyasi təşkilat Heydər Əliyev ədaləti və ənənələrinə sadiq qalaraq məni Milli Məclisə deputat seçilə biləcək qədər yetkinləşdirdi, maarifləndirdi. Bütün bunlar ölkəmizdə cəmiyyətdaxili sosial liftin fəal işlədiyinin göstəricisi olmaqla fərqli sosial statusun daşıyıcısı olan fərdlər üçün də Yeni Azərbaycan Partiyasını cazibə mərkəzinə çevirir.

Cənab Prezident, 44 günlük müharibədə əldə etdiyimiz parlaq qələbəmiz göstərdi ki, tarix şəxsiyyətləri deyil, şəxsiyyətlər tarixi yaradır. Tarixsə onu yaradanların siyasi qərarlarının formalaşdırdığı yeni reallıqların xronoloji statistikasından başqa bir şey deyil. Siz aldığınız cəsarətli siyasi qərarlarınızla faktiki olaraq Azərbaycan dövlətçilik tarixini yeni keyfiyyət mərhələsinə qaldırdınız. İki yüz ildir qələbəyə təşnə olan xalqımızı qalib xalqa çevirdiniz.

Noyabr ayının 8-i sadəcə Zəfər Günü bayramımız deyil, həm də qalib xalq kimi yenidən miladetmə tariximizdir. Yeni reallıqlar isə xalqımız qarşısında yeni vəzifələr və çağırışlar qoyub. Bu çağırışların nə olduğunun siyasi konseptual məzmununu və əsaslarını Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edərkən səsləndirdiyiniz fikirlərdə bəyan etdiniz. Bu milli vəzifələr xalqımıza bir çağındır. Ancaq ilk növbədə sədri olduğunuz Yeni Azərbaycan Partiyasının üzvləri üçün vəzifələr müəyyənləşdirir.

Əmin ola bilərsiniz ki, bu yolda xalqımızın hər bir nümayəndəsi kimi mən də Ali Baş Komandanımızın əsgəri olmağa hazıram.

Cənab Prezident, tarix qarşısında milli hesabat verib, ərazi bütövlüyümüzü təmin edən yolda addımlayarkən də, bu strateji prosesin son hərbi siyasi akkordları olan 44 günlük müharibə dövründə də, böyük qayıdışımızın təmin olunmağa başlandığı postmüharibə dövründə də Sizin ən yaxın silahdaşınız, Birinci vitse-prezidentimiz, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyeva oldu. Bir daha partiyamızın fəallarını və şəxsən məni təltif etdiyinizə görə Sizə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.

Tanrı Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

Hikmət Baba oğlu Məmmədov

Azərbaycan Respublikası, Bakı şəhəri.