logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vaqif Şadlinskidən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

05 dekabr 2022, 17:13

Möhtərəm cənab Prezident.

Sizin sərəncamınızla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif edilməyim xəbəri ürəyimi böyük iftixar və qürur hissi ilə doldurmuşdur. Azərbaycan tarixində ən böyük zəfərlərin, qələbələrin sahibindən, Müzəffər Ali Baş Komandanımdan gələn bu müjdəni eşitmək, onu yaşamaq səadəti mənə nəsib olduğundan dünyanın ən bəxtəvər məmləkətinin, cəmiyyətinin üzvü kimi fəxr edirəm, elmə, incəsənətə, ümumən ulu irsimizə hər zaman öz qayğısını göstərmiş, onu inkişaf etdirən, çiçəkləndirən, bütün dünyaya örnək olan müdrik addımları ilə milyonların qəlbinə hakim olmuş, dünya azərbaycanlılarının ümid və güvən yeri olan dahi bir şəxsiyyətdən belə mükafatı almaq sonsuz dərəcədə xoşdur. Azərbaycan Respublikası, bu ölkədə yaşamaqla əbədi firavanlığı, qalib xoşbəxtliyini mətin iradənizlə, istər döyüş cəbhələrində, istərsə də diplomatik sahədə apardığınız gərgin mücadilələr sayəsində əldə etmiş xalqımız öz əbədi və daimi səadətini, mütləq xoşbəxtliyini Sizdə, Sizin tarixlərə, qərinələrə ustadlıq dərsi keçmiş daxili və xarici siyasətinizdə, Vətənə və xalqa olan məhəbbətinizdə tapmışdır.

Əziz Prezidentimiz, ölkəmizin belə güclü inkişafı ilk növbədə onunla əlaqədardır ki, hər bir sahə, hər bir strateji əhəmiyyət daşıyan fəaliyyət dairəsi Sizin diqqətinizdə olmuşdur. Azərbaycanın müqəddəs torpaqlarının düşmənlərdən tam azad olunması, “dəmir yumruğun” dünya arenasında ədalət və qalibiyyət simvolu kimi tanınması, Azərbaycan əsgərinin qalib addımları ilə əzəli şəhər və kəndlərimizdən qürurla keçməsi - bütün bunlar Sizin dahiyanə düşüncənizin, sönməz enerjinizin nəticəsidir. Sizin sayənizdə bütün dünya Azərbaycanımızı qalib, yenilməz bir dövlət kimi tanımış və hər zaman tanıyacaqdır. Siz - yaradıcı və qurucu lider olaraq işğaldan azad olunmuş müqəddəs torpaqlarımızda heç bir zaman misli görünməmiş bərpa işlərinə rəhbərlik edərək bütün dünyaya car çəkdiniz ki, Qarabağ - həqiqətən Azərbaycandır, hər zaman Azərbaycanın olacaqdır.

Möhtərəm Prezidentimiz, mən fəxrlə və sonsuz qürurla demək istərdim ki, Azərbaycan elmi və təhsili, bu sahədə çalışan milyonlarla Azərbaycan vətəndaşı hər zaman Sizin çağırışınıza bir əsgər kimi cavab verməyə hazırdır. Azərbaycan ziyalıları və alimləri, vaxtilə ulu öndər, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyasının sıralarında birləşmişdir, Sizin tərəfinizdən rəhbərlik edilən bu partiya həqiqi məsləkdaşların, ideya həmfikirlərinin birləşdiyi, dünya səviyyəsində ehtiram və hörmətlə qəbul edilən bir siyasi təşkilatdır. Biz xoşbəxtik ki, Sizin ətrafınızda birləşmək səadətini, Sizin ideyalarınızı gənc tələbələrimizə - gələcəyimizə çatdırmaq səadətini yaşayırıq.

Əziz Prezidentimiz, mənim fəaliyyətimə göstərdiyiniz yüksək qiymət üçün Sizə öz adımdan və ailəm adından sonsuz minnətdarlığımı bildirirəm. Demək istərdim ki, Sizin Azərbaycan dövlətinin, xalqının inkişafı, tərəqqimiz və rifahımız uğrunda həyata keçirdiyiniz siyasətinizə hər bir ziyalımız, alimimiz, sinəsində azərbaycanlı ürəyi döyünən hər bir vətəndaş sadiqdir və hər zaman sadiq olacaqdır.

Sizə və ailənizə Ulu Tanrıdan əmin-amanlıq, səadət və xoşbəxtlik diləyirəm.

Hörmətlə,

Vaqif Şadlinski

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi