İlham Əliyevdən, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
05 dekabr 2022, 11:42
Hörmətli cənab Prezident, yenilməz Sərkərdəmiz, Müzəffər Ali Baş Komandan.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakıma görə, “Əməkdar jurnalist” fəxri adı ilə təltif etdiyinizə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Bu yüksək ada layiq görülməyim jurnalist və yazıçı olaraq məsuliyyətimin artmasına, daha əzmli, daha səmərəli fəaliyyət göstərməyimə imkanlar yaradacaq. Sizin etimadınızı layiqincə doğrultmaq üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm. Azərbaycanımızın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi, xalqımızın maraqlarının təmin olunması istiqamətində sadiq təbliğatçınız olacağam. Sizin Azərbaycanımızın tərəqqisi yolunda atacağınız addımlara dəstək verəcək, daxili və xarici siyasətinizin, aparılan islahatların cəmiyyətə çatdırılmasında geniş maariflənmə işinin aparılmasına layiqli töhfəmi verəcəyəm.
Mən hər zaman çalışmışam ki, jurnalist olaraq qələmə aldığım məqalələrdə, yazdığım publisistik əsərlərdə, bədii romanlarda xalqımızın maraqlarının önə çıxarılmasına, təbliğinə, ulu öndərimiz Heydər Əliyev ideyalarının yayılmasına, cənab Prezident, Sizin gördüyünüz əvəzsiz işləri, mütərəqqi nailiyyətləri, parlaq qələbələri cəmiyyətə təqdim və təbliğ edim. Sizin xalq və dövlət üçün gördüyünüz xeyirli, gərəkli işlərinizi, ulu öndərimiz Heydər Əliyev ideyalarını və Azərbaycanın milli maraqlarını daha geniş coğrafiyada yaymağı özümə şərəfli borc hesab edirəm. Əminliklə demək olar ki, dahi öndərimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də Sizin kimi uzaqgörən, müdrik, dahi siyasətçi yetişdirməsi olmuşdur. Məhz cənab Prezident, Sizin müdirik siyasətiniz nəticəsində Ulu Öndərimizin başlatdığı bütün işlər yüksək səviyyədə davam etdirilmiş, sosial-iqtisadi sahədə uğurlara nail olunmuş, 30 il işğal altında olmuş torpaqlarımız düşməndən azad olunaraq, ərazi bütövlüyümüz bərpa edilib, Azərbaycanı dünyada qalib bir dövlətə çevirmisiniz.
Möhtərəm cənab Prezident, Sizə bir daha təşəkkür edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
İlham Yaylaqalı oğlu Əliyev
“Səs” qəzetinin siyasət şöbəsinin müdiri, yazıçı-publisist
Azərbaycan Respublikası, Bakı şəhəri.