Elmar Qasımovdan, Bakı, Azərbaycan
05 dekabr 2022, 14:30
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, hörmətli Sədr.
Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında" 2022-ci il 30 noyabr tarixli Sərəncamınıza əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmaq məni inanılmaz dərəcədə sevindirdi.
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyini qeyd etdiyimiz bu əlamətdar günlərdə məni belə yüksək təltifə layiq gördüyünüz üçün Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm.
Ulu Öndərimiz Heydər Əliyev yoluna sədaqətlə xidmət ən böyük amalımızdır. Uzun illərdir müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin yaradıcısı olduğu və bu gün Sizin rəhbərliyinizlə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasına sidq-ürəkdən xidmət edirəm. Fəxr edirəm ki, xalqımıza, dövlətimizə şərəflə xidmət edən bir partiyanın İdarə Heyətinin üzvüyəm. Bu şərəfli yolda dövlətçiliyimizə xidmət etməkdən böyük qürur hissi duyuram.
Möhtərəm cənab Prezident, hörmətli Sədr, Yeni Azərbaycan Partiyasının üzvlərinə göstərdiyiniz bu yüksək diqqət və qayğıya görə Sizə siyasi həmfikirlərim, ailə üzvlərim, yaxınlarım və öz adımdan dərin təşəkkürümü bildirir, etimadınızı hər zaman doğruldacağıma, bundan sonra da Ulu Öndərimiz Heydər Əliyev yoluna – Sizin siyasi kursunuza, partiyanın ideyalarına sədaqətlə xidmət göstərəcəyimə əmin edirəm.
Tanrı Sizi, Azərbaycanımızı qorusun.
Dərin hörmətlə,
Elmar Qasımov
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru
Azərbaycan Respublikası, Bakı şəhəri.