Cavid Osmanovdan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
05 dekabr 2022, 12:43
Möhtərəm cənab Prezident.
Azərbaycan xalqının xilaskarı, Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu zamanın və müasir dünyanın tələbləri çərçivəsində uğurla həyata keçirməyinizin və inkişaf etdirməyinizin nəticəsində bu gün müstəqil Azərbaycan dövləti beynəlxalq aləmdə yüksək nüfuz sahibinə çevrilib. Sizin rəhbərliyinizlə Vətən müharibəsində Azərbaycan öz tarixinin ən parlaq Zəfərini qazanaraq artıq qalib ölkə kimi yeni dövrə qədəm qoyub və yeni geosiyasi reallıqlar yaradaraq uğurla inkişaf edir. Bu gün 50 milyonluq dünya azərbaycanlıları öz Lideri, dahi Sərkərdə, Müzəffər Ali Baş Komandan - Sizin ətrafınızda sıx birləşərək daha qüdrətli Azərbaycan qurmaq naminə böyük səylə çalışır və bu yolda Sizə inanırlar.
Möhtərəm cənab Prezident, bir neçə gün öncə 30 illik yubileyini qeyd etdiyimiz ümumxalq partiyası statusunu qazanmış Yeni Azərbaycan Partiyasının da əsas prinsipləri müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsinə və xalqımızın tərəqqisinə nail olmaqdır. Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunanların sırasında məni də “Tərəqqi” medalı ilə mükafatlandırmağınız Sizin fəaliyyətimə verdiyiniz çox böyük qiymətdir. Sizə dərin minnətdarlığımı ifadə edərək bildirirəm ki, bu yüksək diqqət və qayğınız Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı olaraq üzərimdə yeni bir məsuliyyət formalaşdırır. Sizi əmin edirəm ki, bundan sonra da həyata keçirdiyiniz siyasi kursa və Yeni Azərbaycan Partiyasının amallarına sədaqətlə xidmət edəcək, bu yolda var qüvvəmlə çalışacağam. Sizə bir daha sonsuz təşəkkürümü bildirir, müstəqil Azərbaycan dövlətinin gələcək tərəqqisi naminə fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.
Ulu Tanrı Sizi, ailə üzvlərinizi və Azərbaycanımızı qorusun.
Dərin hörmətlə,
Cavid Osmanov
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü
Azərbaycan Respublikası, Bakı şəhəri.