Sevinc Hüseynovadan, Bakı, Azərbaycan


03 dekabr 2022, 13:57
Möhtərəm cənab Prezident.
Tanınmış dövlət xadimi, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında yaranmış və ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin sırasında mənim də fəaliyyətimi yüksək dəyərləndirdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.
Möhtərəm cənab Prezident, ulu öndər Heydər Əliyevin ideyalarını, müstəqil, qüdrətli Azərbaycan dövlətinin qurulmasını və milli mənafelərin qorunmasını hədəfləyən partiyanın sıralarında təmsil olunmaq hər bir partiya üzvü üçün məsuliyyətli və şərəfli işdir. Partiyamızın yarandığı dövrdə müəyyən etdiyi ümdə vəzifələrindən olan ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Sizin rəhbərliyiniz altında rəşadətli ordumuzun şücaəti ilə torpaqlarımızın işğaldan azad olunması hər bir Azərbaycan vətəndaşı kimi, mənim üçün də ən böyük mükafat oldu.
Möhtərəm cənab Prezident, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə ilə təltiflər bir daha onu sübut edir ki, ölkəmizin inkişafı naminə göstərilən hər bir xidməti Siz daim diqqətdə saxlayırsınız. Partiya üzvü olaraq yerinə yetirməli olduğum fəaliyyətə Sizin tərəfinizdən yüksək qiymət verilməsi mənim üçün çox qürurverici və sevindirici oldu.
Sizə bir daha təşəkkürümü bildirir və əmin edirəm ki, bundan sonra da Azərbaycanın parlaq gələcəyinə hədəflənmiş siyasətimizi qəlbən dəstəkləyərək, dövlətimizə sədaqətlə, ləyaqətlə və şərəflə xidmət edəcəyəm.
Tanrı Sizi qorusun, Tanrı Azərbaycanımızı qorusun.
Dərin hörmətlə,
Sevinc Hüseynova
Milli Məclisin deputatı
Azərbaycan Respublikası, Bakı şəhəri.