Muxtar Nağıyevdən, Bakı, Azərbaycan


03 dekabr 2022, 13:10
Möhtərəm cənab Prezident.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə partiyamızın sədri olaraq Sizi təbrik edir, Sizə cansağlığı, fəaliyyətinizdə hər zaman uğurlar arzu edirik.
Əsası 1992-ci il noyabrın 21-də ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayıb, hazırda nəinki Azərbaycanda, o cümlədən Cənubi Qafqazda ən böyük siyasi partiya olaraq fəaliyyətini layiqli şəkildə davam etdirməkdədir. Sizin rəhbərliyinizdə Yeni Azərbaycan Partiyası yüksəliş və parlaq qələbələr dövrünü yaşamaqdadır. Bunun nəticəsidir ki, partiyamız ölkəmizdə keçirilən bütün seçkilərdə qalib gələrək xalqın etimadım qazanıb.
Möhtərəm cənab Prezident, 2021-ci ildə 7-ci qurultaydan sonra bizim qarşımıza qoyduğunuz tapşırıqları bu gün də layiqli şəkildə həyata keçirmək üçün sədri olduğum YAP Səbail rayon təşkilatının kollektivi olaraq böyük qürur və fəxrlə fəaliyyətimizi davam etdiririk. Əsas amalımız Sizin bizə etimadınızı layiqli şəkildə doğrultmaq, xalqımızın rifahı, dövlətimizin inkişafına dəstəyimizi göstərməkdir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə 2022-ci il 30 noyabr tarixli sərəncamınızla ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynamış bir sıra şəxslərin orden və medallarla təltif olunması və mən, Nağıyev Muxtar Teymur oğlunun da bu siyahıda olması məni və dəyərli kollektivimizi çox qürurlandırdı. Şəxsim və sədri olduğum YAP Səbail rayon təşkilatı adından məni "Tərəqqi" medalına layiq gördüyünüz üçün Sizə təşəkkürümüzü bildirir və bundan sonra da hər zaman Sizin etimadınızı doğruldacağıma, xalqımızın, dövlətimizin, partiyamızın inkişafı naminə yorulmadan və layiqli şəkildə fəaliyyət göstərəcəyimə söz verirəm. Sizi partiyamızın yaradılmasının 30 illiyi münasibətilə partiyamızın sədri olaraq Sizi təbrik edir, Sizə cansağlığı, işlərinizdə yeni nailiyyətlər diləyirəm.
Hörmətlə,
Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.