Anar Abdullayevdən, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
02 dekabr 2022, 15:40
Möhtərəm cənab Prezident.
Azərbaycan elminə və təhsilinə, zəngin irsə malik olan mədəni ənənələrimizə Sizin qayğınız istər ölkə daxilində apardığınız, istərsə də sərhədlərimizdən çox uzaqlara nüfuz edən müdrik siyasətinizin təzahürüdür, Vətənə, xalqa məhəbbətin bütün dünya üçün örnək olan nümunəsidir. Bunun nəticəsi olaraq bütün tərəqqipərvər bəşəriyyət Azərbaycan elm və mədəniyyət xadimlərini dünya səviyyəsində tanıyır, onların fəaliyyətini hörmət və ehtiramla qarşılayır.
“Şöhrət” ordenli, Əməkdar elm xadimi, professor, Azərbaycan Tibb Universiteti İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, “Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyinin və Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Bilas oğlu Şadlinskinin Sizin sərəncamınızla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi müdrik siyasətin, elmimizə, ölkəmizin ictimai həyatında hər zaman fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmiş alimə olan diqqət və qayğınızın təcəssümüdür.
Əziz Prezidentimiz, Azərbaycanımız bu gün öz inkişafının ən yüksək pilləsinə qədəm qoymuş, Sizin – Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında müqəddəs torpaqlarımızın tamlığı və toxunulmazlığı əbədi olaraq bərpa edilmiş, işğaldan azad olunmuş torpaqlarda misli görünməmiş quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın elm və təhsil sahəsinin aparıcı qüvvələrinin, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasında birləşməsi mətin xalqımızın bütün təbəqələri kimi ziyalılarımızın da Sizin ətrafınızda olduğunun, Sizin müdrik və uzaqgörən siyasətinizin bütün dünya azərbaycanlıları tərəfindən dəstəkləndiyinin bariz nümunəsidir.
Möhtərəm Prezidentimiz, Azərbaycan anatomlarının qocaman müəllimi, görkəmli alim Vaqif Şadlinskinin fəaliyyətinə verdiyiniz yüksək qiymətə görə Sizə dərindən təşəkkür edirik. Sizi əmin etmək istərdik ki, hər birimizin qəlbi Sizinlə döyünür. Ümumən bütün Azərbaycanımızın inkişafı və səadəti Sizin adınızla bağlıdır.
Ulu Tanrı hər zaman Sizi və ailənizi qorusun, xoşbəxtlik və səadət nəsibiniz olsun.
Azərbaycan Tibb Universiteti İnsan anatomiyası və tibbi terminologiya kafedrasının və “Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyinin əməkdaşları adından hörmətlə,
Abdullayev Anar Sərdar oğlu
Kafedranın müəllimi
Azərbaycan Respublikası, Bakı şəhəri.