Kəlbəcər rayon ictimaiyyətindən, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin siyasi irsini ləyaqətlə davam etdirmək, taleyüklü ata vəsiyyətini yerinə yetirmək və bu şərəfli yol ilə Azərbaycanı şanlı Zəfərə qovuşdurmaq Sizin Azərbaycan dövlətçiliyi üçün etdiyiniz misilsiz xidmətlərdir. Hər zaman Sizin ətrafınızda dəmir yumruq kimi birləşən Azərbaycan xalqının sonsuz sevgisi və inamı ilə Siz Azərbaycanı dünyanın inam və etibar ünvanına çevirmisiniz. Sizin ömrünüz Azərbaycan xalqının fıravanlığına və Azərbaycan dövlətinin güclənməsinə xidmət etməklə keçir.
Sizin çoxşaxəli siyasətiniz, müdrik uzaqgörənliyiniz nəticəsində bu gün Azərbaycan beynəlxalq miqyasda söz sahibidir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda heç bir kənar dəstək olmadan misli görünməmiş sürətlə həyata keçirdiyiniz bərpa-quruculuq işləri bütün dünyaya Azərbaycanın iqtisadi gücünü, potensialını, Zati-alinizin möhkəm iradəsini, yüksək idarəçilik məharətini və qurub-yaratmaq əzmini nümayiş etdirməklə bərabər, həm də vandal ermənilər tərəfindən xarabalığa çevrilmiş torpaqlara yeni həyat qaytarır.
Azərbaycan Respublikasının hər bir vətəndaşı, bütün dünya azərbaycanlıları Sizinlə haqlı olaraq fəxr edir və onlar bu gün Sizin yaratmış olduğunuz müasir və güclü Azərbaycanla qürur duyur.
Sizin memarı olduğunuz Vətən müharibəsi Zəfəri xalqımızın və bütün dünya azərbaycanlılarının məğlubiyyət acısı yaşayan ruhuna oyanış, təravət və qalibiyyət sevinci bəxş etmişdir. Böyük sərkərdə kimi yenilməz Azərbaycan ordusunu və müzəffər öndər kimi ətrafınızda səfərbər olan Azərbaycan xalqını şərəfli Zəfər tarixinə qovuşduran Sizin qətiyyətiniz və dəmir yumruğunuz olmuşdur. Məhz bunun nəticəsində biz kəlbəcərlilərin də vətən həsrətinə son qoyulmuş və doğma Kəlbəcərimiz öz azadlığına qovuşmuşdur. Bu gün sürətlə abadlaşan, yenilənən və ən müasir şəhərsalma prinsiplərilə qurulan Kəlbəcər Sizin müdrikliyiniz sayəsində tezliklə öz sakinlərini qəbul edəcəkdir. 30 ildən sonra o yaylaqlara, obalara, kəndlərə doğma insan nəfəsi dəyəcəkdir.
Bu böyük sevinci və qüruru bizə bəxş etdiyiniz, bütün keçmiş məcburi köçkünlər kimi biz kəlbəcərliləri də sevindirdiyiniz üçün, o torpaqlara qovuşmaq həsrətilə dünyadan köçən bütün insanlarımızın ruhunu şad etdiyiniz üçün Kəlbəcər ictimaiyyəti adından Zati-alinizə dərin minnətdarlığımızı bildirirk.
Noyabr ayı Azərbaycan üçün qələbələr ayıdır. Çünki bu ayda ilk dəfə olaraq üç rəngli bayrağımız azadlıq göylərinə ucalıb, bu ayda dövlətçilik tariximizin son 200 ilinin ilk Zəfər Günü yaşanıb, bu ayda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikliyi və böyük uzaqgörənliyi ilə zəfər partiyası olan Yeni Azərbaycan Partiyası yaradılıb. Sizin Sədri olduğunuz Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin sütunu, qələbələrimizin açarı və bizim hər birimizi Sizin ətrafınızda birləşdirən böyük dəyərdir.
Ümummilli Liderimizin siyasi mirası və milli dövlətçiliyin siyasi dayağı olan YAP bu günə qədər öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atıb. Bu gün də Sizin rəhbərliyinizlə xalqın mənafeyinə və dövlətin maraqlarına xidmət edən siyasi missiyasını uğurla davam etdirir. Sizin zamanında qəbul etdiyiniz qərarlar nəticəsində bu gün Yeni Azərbaycan Partiyası inkişaf edir, islahatlar yolu ilə özünü yeniləyir.
Möhtərəm cənab Prezident,
Belə əlamətdar günləri Azərbaycan xalqına bəxş etdiyiniz üçün Sizə bütün kəlbəcərlilər adından sonsuz təşəkkürümüzü bildiririk. Sizin əzminiz, zəhmətiniz sayəsində bu gün xüsusi coşqu ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyini və Kəlbəcərin düşmən tapdağından azad edilməsinin 2-ci ilini qeyd edirik. Bütün tədbir iştirakçıları adından Sizin şəxsinizə dərin ehtiramımızı çatdırırıq.
Siz hər bir azərbaycanlının dayağı, iftixarı və qürur mənbəyisiniz. Azərbaycanımızı işıqlı gələcəyə, qələbələrə, bəxtiyar günlərə apardığınız bu şərəfli yolda Uca Allah Sizi, Mehriban xanım Əliyevanı, ailənizi və Azərbaycanımızı qorusun.
Hörmətlə,
Kəlbəcər rayon ictimaiyyəti
Azərbaycan Respublikası, Abşeron rayonu.